Təbiət

Həmişəyaşıl Kazuarina ağacı

Kazuarina (lat. Casuarina) - hündürlüyü 15-35 metrə çatan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Təbiətdə 17 növü qeydə alınıb.  Cənub-Şərqi Asiya və Qərbi Okeaniya adaları, habelə Avstraliya bölgəsində geniş yayılıb. Kazuarina ağacının iynəvarı budaqları Avstraliyada yaşayan Kazuar quşunun lələyinə bənzədiyinə görə bu cür adlandırılıb.


Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvari yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilib. Ağacın elastik, sallaq budaqlarının üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.


Kazuarina quraqlığadavamlı, torpağa az tələbkardır. Qeyri-münbit, qumsal torpaqlarda zəif suvarıldıqda da normal inkişaf edir. Kazuarina subtropik iqlim şəraitində yayılıb.


Kazuarinanin bir çox növü bəzək bitkisi kimi (dekorasiya məqsədilə) yetişdirilir.


Gövdəsinin möhkəmliyi və yüksək xüsusi çəkisi sayəsində kazuarina dəmir ağacları qrupuna aiddir. Ağacının gövdəsi qırmızı-qəhvəyi rəngdə olub, xüsusilə mebel üçün istifadə olunur.


Keçmişdə ağac yerli əhali arasında uzun müddət yanacaq məqsədilə istifadə olunub. Hazırda tibbi məqsədlər üçün də istifadə olunur.