Görkəmli şəxsiyyətlər

İohann Sebastyan Baxın ilahi musiqisi

Dünya musiqisinin korifeylərindən olan İohann Sebastyan Baxın əsərləri əsrlər boyudur ki, insanları həyəcanlandırır və düşündürür. O,  Almaniyanın məşhur musiqiçilər nəslinə mənsub idi. Olduqca sadə və təvazökar həyat sürən Bax bir dəfə də olsun doğma vətənindən kənara ayaq qoymamışdı.  O, ömrü boyu Almaniyanın Arnştadt, Veymar, Köten, Leyspiq şəhərlərində yaşamış, orqan çalmış, dirijorluq etmiş,  xor rəhbəri olmuşdu.
Bax əsasən dini mövzularda əsərlər bəstələmişdi.  Onun “Matfey əzabları” və “ İoann əzabları” kimi irihəcmli vokal-instrumental əsərlərində İsa peyğəmbərin sarsıntılarından bəhs olunur. Bununla yanaşı, bəstəkar şən və məzəli obrazlar da yaratmışdı.   “Qəhvə” kantatasında qəhvənin yenicə dəbə minməsi və insanların buna fərqli münasibəti, “Sevimli qardaşımın gedişinə həsr olunmuş kapriççio” pyesində isə ailə üzvünün yola salınması ilə əlaqədar evdə baş verən təlaş, vurnuxma incə yumor hissi ilə ifadə edilir.
Bax  məharətli orqan ifaçısı kimi də rəğbət qazanmışdı. Hətta bu barədə əfsanələr söylənilir. Bir gün Bax məşhur fransız orqançalanı Lui Marşanla yarışmaq üçün Drezdenə dəvət olunur. Yarış ərəfəsində qısa məşqlər keçirilir.  Deyilənə görə, fransız məşqdən sonra xəlvətcə Drezdendən  çıxıb gedir və bununla da uduzduğunu etiraf edir.
Bax klavir aləti üçün də musiqi bəstələmişdi (“klavir” klavesin və klavikord alətlərinə verilən ümumi addır). “Yaxşı temperasiya olunmuş klavir” adlı məşhur  məcmuə yaratmışdı. Burada toplanmış  prelüd və digər polifonik əsərlər Baxın fortepiano musiqi xəzinəsinə bəxş etdiyi misilsiz nümunələrdir.
O, həmçinin skripka, violonçel, eləcə də orkestr üçün gözəl əsərlər yaratmışdı.
Əfsuslar  olsun ki, Baxın yaradıcılığı sağlığında layiq olduğu qiyməti almamışdı. Yalnız XIX əsrin ortalarında  görkəmli alman bəstəkarı Feliks Mendelsonun təşəbbüsü və dirijorluğu ilə “Matfey əzabları” əsəri ifa olunduqdan sonra Baxın zəngin irsinə maraq oyanır. O vaxtdan bəri  hər yeni gələn nəsil bu bənzərsiz xəzinəyə müraciət edir, orada özü üçün yeni aləmlər tapır. Odur ki, Bax musiqisi həmişəyaşar və həmişəcavan olaraq qalır!