Xəbərlər

2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib.
 
1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People – IBBY) tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
 
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun təmsillərinin kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmli kitab nəşr etdirib. XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb.
 
D.Defo və C.Sviftin müvafiq olaraq “böyüklər” üçün yazılmış “Robinzon Kruzo” və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxuma dairəsinə adaptasiya olunub.
 
Yakov və Vilhelm Qrimm qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. Q.X.Andersenin 1846-cı ildən başlayaraq qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər. 
 
Bu il Beynəlxalq Uşaq Kitabı Gününə IBBY təşkilatının Braziliya Milli Bölməsi sponsorluq edir. Braziliya yazıçısı Lusiana Sandroni “Biri vardı, biri yoxdu…” nağılı ilə uşaqlara müraciət edib. Adətən belə cümlə ilə başlanan nağıllarda oxucular şahzadələrlə tanış olur.
 
Lusiana Sandroni isə kitabxanaya ilk dəfə gələn Luizanın kitablara, nağıl qəhrəmanlarına olan marağını qələmə alıb. İngilis dilində olan müraciətin tam mətni IBBY təşkilatının saytında http://www.ibby.org/1558.0.html yerləşdirilib. 
 
Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.