Bu maraqlıdır!

Yunanıstanın Krit adası

Krit — Yunanıstanın ən böyük, Aralıq dənizinin isə 5-ci böyük adasıdır. Krit adası dünyanın üç kontinenti - Avropa, Afrika və Asiyanın kəsişdiyi yerdə yerləşir. Yunan əfsanələrində Zevsin vətəni, Minotavrın məskəni kimi tanınan, qədim tarixə malik möhtəşəm bir adadır. Sahəsi 8,3 min km², əhalisi isə 537,2 min nəfərdir. Ada gözəl çimərlikləri, əsrlər boyu qorunub saxlanılan tarixi mədəniyyəti, təbii gözəllikləri və mədəni dəyərləri ilə məşhurdur.


Ada 4 bölgəyə bölünür: Qərbi Xanya, Retimno, İraklion və Cənubi Lassiti.


Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Roma tərəfindən işğal edilib. 395-823, 961-1204-cü illərdə Bizansa, 823-961-ci illərdə ərəblərə məxsus olub. 1204-cü ildə səlibçilər Kriti zəbt edib və Venesiyaya satıblar.


1715-ci ildən Osmanlı imperiyasının tərkibində olan Krit, 1898-ci ildə böyük dövlətlərin "himayəsində" muxtariyyət aldı. 1913-cü ildən Yunanıstana məxsusdur.


Krit Yunanıstanın ən cənub və ən böyük adasıdır, qərbdən şərqə 260 km uzanır. Kritin relyefi əsasən dağlıqdır, bir çox mağaraları və dərələri var. Dağları və təpələri üzüm bağları, zeytun və sitrus əkinləri ilə əkilmiş münbit vadilərlə əvəzlənib. 


Adadakı iqlim mülayim, subtropikdir, atmosfer təzyiqi demək olar ki dəyişməzdir. Krit adasında buludlu günlər demək olar ki müşahidə olunmur. Aprel və May ayları ekskursiya və təbiəti sevənlər üçün mükəmməldir. Üzgüçülük mövsümü aprel ayının sonlarında başlayır və oktyabrın sonuna qədər davam edir. Mayda hava +24 dərəcəyə, iyul və avqustda isə +30 dərəcəyə qədər istiləşir. Yayda dəniz +26 +27 dərəcəyə qədər qızır.


Adanın çimərlikləri ekoloji təmizliyi və təhlükəsizliyi ilə dünyada məşhurdur.


Krit, Yunanıstanın ən çox turist cəlb edən adalarından biridir.