Xəbərlər

Məktəblilər arasında beynəlxalq onlayn rəsm müsabiqəsinə start verilir

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mayın 19-dan iyunun 15-dək “Mənim milli adət-ənənələrim” adlı beynəlxalq onlayn rəsm müsabiqəsi keçirilir.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd müxtəlif xalqların adət-ənənələri, tarix və mədəniyyəti, məişəti, zəngin mədəni irsinin öyrənilməsi, uşaq və gənclər arasında dostluq münasibətlərinin yaradılması, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsinin yüksəldilməsidir.

 

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupunu (6-11, 11-14, 14-17) əhatə edir. İştirakçılar hər yaş qrupu üzrə yalnız bir iş təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər ərizə formasını iyunun 14-dək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər.

 

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq. Həmçinin qalib işlər sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

 

Onlayn müsabiqədə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər xarici ölkələrdən məktəblilər iştirak edəcəklər.