Xəbərlər

12 Sentyabr – Respublika Uşaq Kitabxanasına ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin adının verildiyi gündür

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır.

 

12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.

 

F.Köçərlinin 1912-ci ildə çap etdirdiyi “Balalara hədiyyə” kitabına onun balalarımıza miras qoyduğu folklor nümunələri – xalqın sahib olduğu qədim tarixi-mədəni irs bu gün də qorunub saxlanılaraq yenidən öz orijinallığında olduğu kimi təkrar nəşr edilərək, oxucuların istifadəsinə verilmişdir. Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 14 fevral 2013-cü ildə Sərəncam vermişdir. F.Köçərlinin “Balalara hədiyyə” kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının sifarişi ilə nəfis tərtibatla “Şərq-Qərb” nəşriyyatında təkrar nəşr olunaraq, oxucuların istifadəsinə verildi. Kitabdakı illüstrasiyalar Azərbaycan Xalq rəssamı Arif Hüseynova məxsusdur. Görkəmli alim və maarifçi F. Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanasının yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi formalaşmışdır. Nəhayət, uşaq kitabxanaları üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət bütün kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik və təşkilati zəmin yaratmışdır.

 

Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin 2012-ci ildən isə mötəbər bir təşkilatın – Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 2013-cü ildən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə “Firidun bəy Köçərli. Biblioqrafiya”, “İlyas Tapdıq”, “Abdulla Şaiq” kimi biblioqrafik göstəriciləri hazırlamış və nəşr etdirmişdir.