Nağıllar, hekayələr

Eyvaz Zeynalov. “Barışdılar”

Onlar ana-bala dayanacaqda avtobusu gözləyirdilər. Böyür-başdakı adamların qınağından çəkinən qızcığaz səsini içinə salaraq astadan zığıldayırdı. 

- Ana, apay də, nə olay...

- Yaxşı, qurtar... - Bezmiş ana onu sakitləşdirməyə çalışırdı.

- Axı söz veymişdin… - Birdən qız anasına öz vədini xatırlatdı. Məsələ də elə bundaydı. Qızcığazı verdiyi sözün ağası olmağa öyrətmişdilər. İndi isə...

- Zəhləmi tökmə, söz vermişdim, verməmiş olum. Böyük şeymiş!.. - Hövsələsi daralmış ana başını itirmişdi. Nə dediyinin fərqində deyildi...

 

Elə bu zaman avtobus gəldi. Ana avtobusa tərəf addımladı. Qız ayaqlarını yerə döyüb tərpənmədi.

- Getmiyəm!.. Getmiyəm!..

 

Ana qayıdıb onu arxasınca dartdı. Ətəyindən tutub sürünəndə əməllibaşlı tıncıxdı. Çönüb əlinin üstünə kök bir şillə çəkdi. Qız balaca yumruqlarını gözlərinə basdı. Elə bil gözlərinin yaşı ovcundaydı, sıxıb tökdü…

 

Boş oturacaqlardan birində əyləşdilər. Ana təzədən qızına təpindi:

- Kiri, daha bəsdi!..

 

İçin-için ağlayan qızcığaz heç cür ovunmaq bilmirdi. Anası “kiri” dedikcə daha artıq kövrəlirdi. Anasının öz vədini yerinə yetirməməsi, üstəlik haqqını tələb edəndə onu cəzalandırması qızcığazın qüruruna bərk toxunmuşdu...

 

Qabaqda əyləşmiş yaşlı, nurani bir qadın arxaya, onlara tərəf çöndü.

- Ağlama, qızım. Belə qəşəng qız da heç ağlayarmı?..

 

Qızcığaz başını yana döndərdi. Ayrı vaxt olsaydı anasına sığınardı. İndi də əvvəlcə ona sarı əyildi. Sonra xatırladı ki, elə anasından küsüb.

 

Anasının dodaqları qaçdı. Qadın da gülümsədi. Qız daha da bərkitdi. Ana özünü o yerə qoymasa da artıq qızının könlündən keçənləri duyurdu. Bir yolla səhvini etiraf etməsə sakitləşməyəcəkdi. Buna isə cəsarəti çatmır, ehtiyatlanırdı. Qorxurdu ki, sonra qızının ayağı yer alar, yumşalmasını başqa cür qiymətləndirər.

- Niyə ağlayır?.. - Qadın bu dəfə anasından soruşdu.

- Bilirsiniz, qonşunun qızı bu ildən məktəbə gedir. Dirəndi ki, gərək məni də aparasan. Amma yaşı düşmür. Dilim dinc durmadı, başımdan eləmək üçün dedim, sonra apararam. İndi də əl çəkmir ki, söz vermisən…

 

Qadın qızcığazın ipək kimi yumşaq saçlarını sığalladı.

- Yaxşı, qızım, bir de görüm neçə yaşın var, hə?..

Qızın əvəzinə anası cavab verdi:

- Hələ heç beş də tamam deyil…

- Belə dee…  Qadın mənalı-mənalı gülərək təzədən qızcığazın saçlarını tumarladı.

Qız göz yaşları içində özünü doğrultmağa çalışdı:

- Pa, Dilşadın da boyu elə mənimki kimidi də. Qollayı hələm mənimkindən də gödəkdi.  Arıq qollarını göstərdi.

- Dilşad kimdi, balası?..

- Qonşunun qızıdı. - Anası dedi.

Qadın ciddiləşdi.

- Yox, qızım, iş boyda deyil. Sən axı ağıllı qızsan, gərək belə şeyləri başa düşəsən. Uşaqları məktəbə yaşa görə götürürlər. Əgər oxumağa, doğrudan da, belə həvəsin varsa, anan “Əlifba” kitabı alıb səni evdə də öyrədə bilər...

 

Anası vəziyyətdən çıxış yolu tapmış kimi sevincək qadının sözünə qüvvət verdi:

- Mən buna razıyam, qızım. Bax, elə indicə evimizin altındakı kitab mağazasından sənə bir “Əlifba” kitabı alaram. Birlikdə məşğul olarıq. Yaxşımı?.. Onu şəfqətlə özünə sıxdı. - Hə, di hansı əlinə vurmuşam gətir öpüm, barışaq.

 

Qızcığazın sol əlini dodaqlarına qaldırdı. O, geri çəkib sağı uzatdı. Anası onu vurmuşdu…