Xəbərlər

Şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində bilikləri artırılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi noyabrın 29-da Xızı rayon Şuraabad kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

 

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

 

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

 

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib. 

 

Sonda suallar cavablandırılıb və məktəblilərə maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.