Xəbərlər

Yol polisi “Diqqət, uşaqlar!” aylığına hazırlaşır

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları növbəti dəfə maarifləndirici tədbir həyata keçirərək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar və müəllimlərlə görüşüblər.

 

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşları görüşdə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsi istiqamətində açıq dərs keçiriblər.

 

Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, yol hərəkəti qaydaları ilə bağlı suallar cavablandırılıb. Eyni zamanda, mərkəzin ərazisində yeni nişanlanma xətləri, yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər BDYPİ tərəfindən həyata keçirilib.

 

Məktəbin müəllim və şagird heyəti, valideynlər yol polisinin bu vacib tədbirlərinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.