Bu maraqlıdır!

Ətirlərin tarixi insan tarixi qədər qədimdir

Ətirlərin tarixi, insan tarixi qədər qədimdir. Hələ qədim zamanlarda insanlar öz həyatlarını xoşqoxulu, ətirli yağlarsız təsəvvür etməyiblər. 


Ətirlər həm də müalicəvi əhəmiyyətlidir. Ətirlərin müalicəvi əhəmiyyəti haqqında ilk yazı Qədim Şumerdən bizə gəlib çatıb.


Qədim yunanlar ətriyyatlar haqqında öz bilgilərini qədim misirlilərdən götürüblər. Qədim ətriyyatın ikinci evi Yunanıstan olub. O zamanlar ətir və ətirli yağlar hər bir yunanıstanlının həyatının ayrılmaz bir hissəsi olub. Heç bir tədbir ətirsiz ötüşməzdi. Bayramları, toy mərasimlərini, dini mərasimləri, habelə, yaz mərasimlərini də ətirsiz təsəvvür eləmək mümkün deyildi. Yunanlar çimdikdən sonra bədənlərinə ətirli bitki yağları sürtərdilər ki, bu da bir növ müalicə məqsədi daşıyırdı.


Təxminən VI əsrdən başlayaraq ətirlər üçün xüsusi qablar hazırlamağa başlandı. Həmin qablar müxtəlif formalarda, müxtəlif ölçülərdə olurdu. Ətir mədəniyyətinin yaranma tarixini araşdırmaq üçün eramızdan 3.000 il əvvələ qədim Misirə baş vurmaq lazımdır. Burada istər dini, istərsə də mədəni tədbirlərdə müxtəlif cür ətirlərdən yetərincə istifadə edilirdi. Hər səhər misirli rahiblər iman gətirdikləri büstlərin üzünü ətirli yağlarla silərdilər. Bu büstlərin şəninə dualar oxuyar, ətirli çubuqlar tüstülədərdilər.


Məşhur tarixi şəxsiyyətlərin hər biri özünəməxsus tərzdə ətirlərə münasibət göstərirdilər. Məsələn, müdrik Sokrat ətirlər haqda heç də müsbət fikirdə olmayıb. Makedoniyalı İsgəndər isə ilk öncə ətirlərə biganə yanaşıb, Şərqə səfəri zamanı ətirlərə münasibəti dəyişib və hətta o, özünə ətirlərdən ibarət böyük bir kolleksiya düzəldib.


Ümumilikdə ətriyyatın vətəni – fironlar ölkəsi olan Misir hesab edilir. Qədim dövrlərdə Misir ətirləri Aralıq dənizi sahillərində yerləşən ölkələrdə çox məşhur olub.


Müasir ətirlərin ilk prototipi 1370-ci ildə "Macar suyu" adı ilə tanınıb. Bu ətir macar kraliçası Yelizaveta üçün ətirli yağların spirtlə qarışığından hazırlanıb.


İlk ətir markası olaraq 1911-ci ildə Paul Pairet tərəfindən yaradılmış 'Parfums da Rosine' dir. Qızının adıyla təqdim etdiyi bu ətir kolleksiyası xüsusi şüşə və paket dizaynı ilə təqdim olunub.