Xəbərlər

İki bayram münasibətilə “Nəğmə çələngi”

Bakı,  12 iyun, AZƏRTAC


İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik, mənəvi dəyərlər ruhunda tərbiyəsi missiyasının davamı olan növbəti tədbirini keçirəcək.


Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 15 iyun – Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələrinin təqdimatında “Nəğmə çələngi” adlı konsert proqramı təqdim olunacaq.


Studiyanın yetirmələrinin təqdim edəcəyi proqrama rəngarəng musiqilərlə yanaşı repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də daxil edilib.


“Oyuq”çuların mövsümün sonuna hesabat xarakterli bu konsert proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının səhnə nümayişlərini də izləyə biləcəklər.