Xəbərlər

Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 21 sentyabr - Beynəlxalq Sülh Günü ərəfəsində tədbirlər keçirilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfrans, dəyirmi masa, mühazirə, inşa müsabiqəsi, ədəbi-bədii kompozisiyalar, bədii qiraət gecələri təşkil edilib. Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən Beynəlxalq Sülh Günündə məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri, bülletenlər, stendlər və guşələr hazırlanıb.

 

Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.

 

“Biz sülhə səs veririk", “Sülh insan həyatının təminatıdır”, “Azərbaycan sülh tərəfdarıdır”, “Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”, “Sülhə gəlin, ey insanlar!” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarixboyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.