Xəbərlər

Binəqədi rayonundakı 83 nömrəli orta məktəbdə şagirdlərə sağlam qidalanma haqqında məlumat verilib

Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu  sahədə “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Binəqədi rayonundakı 83 saylı orta məktəbin şagirdləri ilə keçirilib.


Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə,  layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.


Tədbirdə şagirdlərə agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə əlaqədar hazırlanmış sosial videoçarxlar nümayiş olunub. Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə zərəri  barədə ətraflı məlumatlar çatdırılıb. 


Görüşdə məktəblilərin qida təhlükəsizliyi ilə əlaqədar bilik və bacarıqlarının artırılması, vərdişlərinin formalaşdırılması istiqamətində metodiki tövsiyələr verilib, bir istehlakçı kimi bu sahədə hər hansı problemlə üzləşərkən və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarananda agentliyin 1003 Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.


Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.


Qeyd edək ki, “Sağlam məktəbli layihəsinin bu ilki tədris ili ərzində bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.