Nağıllar, hekayələr

Nizami Gəncəvi. "Süleyman və əkinçi"

Günlərin bir günündə qanad açdı diləyi, 
Bir çırağa yetişdi Süleymanın küləyi. 
 
Təntənəylə, cəlalla yön aldı çöl səmtinə, 
Qaldırdı öz təxtini göyün mina təxtinə. 
 
Çöldə bir cütçü gördü, təzələndi nəfəsi, 
Onda sevinc oyatdı əkinçinin həvəsi. 
 
Evindən gətirdiyi ovuc-ovuc məhsulu, 
Səxavət mədəninə saçmışdı zəhmət oğlu. 
 
Dən səpilən guşələr göyərmiş xırda-xırda, 
Əgər danədən bir neçə sünbül boy atmış orda. 
 
Danələrin sirrini əkinçi bir-bir açdı, 
Süleyman dilə gəldi, sanki quşlar danışdı: 
 
- Bir az mərdanə davran, gözü tox ol, ey qoca! 
Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca. 
 
Quş deyilsən ki... dəni boş yerə çölə saçma, 
Gəl, mənimlə bu yerdə quş dililə danışma. 
 
Hanı əlində belin? Az cırmaqla səhranı, 
Nə suyun var, nə arxın. Zay eləmə arpanı. 
 
Düşün: sulu torpağa biz səpdik nə qədər dən, 
Zəhmətindən savayı nə gördük bu əkindən? 
 

Dəni külə döndərən bu təşnə çöllərdə sən, 
Yandırsan da canını, nə qazana bilərsən? 
 
Cavab verdi ixtiyar: - Gəl, incimə sözümdən, 
Heç nə gözləmirəm mən yerin, suyun feyzindən. 
 
Mən bilmirəm heç suyu varmı, yoxmu tarlanın? 
Əkmək mənim işimdir, yetişdirmək Tanrının. 
 
Bax, budur suyum mənim - alnımdan süzülən tər, 
Lingim, belim, külüngüm - bu dırnaqlar, bu əllər. 
 
Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki, 
Bütün ömrüm boyunca yetər mənə bu əkin. 
 
Məni muştuluqlayıb, xoş müjdələr verənim: 
Yeddi yüz dən olacaq bu torpaqda hər dənim. 
 
Bu taxılı şeytanla şərik əkməmişəm mən, 
Yəqin birə yeddi yüz verəcək bu halal dən. 
 
Mənə hər şeydən öncə sağlam bir toxum gərək, 
Sünbüllərin düyünü qoy açılsın qönçə tək. 
 
Götür-qoy etsələr də bu dünyada nə qədər, 
Hər bədənə yaraşan münasib don biçərlər. 
 
Hər eşşək çəkə bilməz İsa yükünü, qardaş! 
Dövlətin işlərini qavraya bilməz hər baş. 
 
Kərgədan fil boynunu parçalar, düşsə eşqə, 
Ölü bir çəyirtkəni zorla çəkər qarışqa. 
 
Yüz nəhri nuş etsə də, səs çıxarmaz ümmanlar, 
Arx isə bircə seldən coşar, hay-haray salar. 
 

Heç kəs gizlənə bilməz, bu göy qübbə altında, 
Hər kəs öz mərdliyilə çatır şöhrətə, ada.   
 
Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət, 
Mərdanələr hər dərddən qılar məgər şikayət? 
 
Hər kəs Tanrı sirrini saxlamağa qadirmi? 
Ya naz çəkə bilirmi çınlayan bir saz kimi? 
 
Naz etməkdən söz açma, yalnız xublar nazlanar, 
Nizaminin işidir naz çəkmək, ey tacidar! 
 
Nizami Gəncəvi,“Sirlər xəzinəsi”