Görkəmli şəxsiyyətlər

Publi Vergili Maron

Romada imperatorluq idarə üsulunun təməlləri qoyulmağa başladığı dövrdə yaranan Roma ədəbiyyatının ən istedadlı nümayəndəsi Publi Vergili Marondur. Artıq onun yaradıcılığında klassik Roma poeziyasının əsas cəhətləri, baş motivləri, bir sözlə, bütün tipik meylləri öz əksini tapmaqla bərabər, həmin poeziya yüksək kamal dərəcəsinə gəlib çatır. Köhnə istilah ilə deyiləcək olsa, Roma ədəbiyyatının qızıl dövrü, başlıca olaraq, Vergilinin yaradıcılığında müəyyənləşib.

 

Publi Vergili Maron e.ə 70-ci ildə Mantui şəhərinin yaxınlığında, Minço çayının kənarında And kəndində anadan olub. Atasının yoxsul təbəqədən, rəiyyətdən olduğu bəllidir. Rəvayətçilər onun sənətkar, muzdur, kirayədar, vergi toplayan məmur olduğunu güman ediblər. Ancaq yəqin məlumdur ki, 60-cı illərdə atası mülk sahibi, varlı və mötəbər bir adam idi. Oğlunun təhsilinə xüsusi qayğı göstərmiş, ilk dəfə onu Kremon şəhərinə, sonra Milan şəhərinə, daha sonra isə Roma şəhərinə göndərib. Milan şimali İtaliyada ticarət şəhəri olmaqla bərabər, təhsilli adamlar, müəllimlər, alimlər mərkəzi idi. 55-ci ildə bura gələn Vergili iki illik təhsildən sonra 53-cü ildə Roma şəhərinə gedir. Burada ritorika məktəbində oxuyur, natiq və hüquqşünas olmağa hazırlaşır. Lakin bu sahədə müvəffəqiyyət qazana bilmir. O, ömründə bir dəfə çıxış edir, özü də çıxışından razı qalmır. Vergilinin qədim tədqiqatçısı olan Donatın dediyinə görə, gənc Vergili məşhur filosof Sironun rəhbərliyi altında fəlsəfəni, riyaziyyatı, hətta təbabəti öyrənib.

 

Təhsilini bitirdikdən sonra 45-ci ildə vətəni And kəndinə qayıdır. Kənd həyatını sevdiyi üçün burada özünü təbiətin qucağına atır, gənc Vergili kəndlərində ikən şeir yaradıcılığına başlayır.

 

Lakin şairin sakit həyatı uzun sürmür. Belə ki, Roma şəhərində Yuli Sezarın öldürülməsi ilə əlaqədar olaraq vətəndaş müharibəsi yenidən şiddətlənir. İkinci triumvirat təşkil olunur. Yeni dövlət başçılarının əmri ilə bir çox mülklər müsadirə olunub Yuli Sezarın tərəfdarlarına bağışlanır. Onların məqsədi, özlərinə tərəfdar toplamaq idi. 41-ci ildə, Vergilinin atasının da mülkü müsadirə olunur. Gənc Vergili, Mantui və Milan şəhərləri ətrafında dayanan ordunun komandanı Azini Polliona müraciət edir. Pollionun əmri ilə mülk geri qaytarılır. Vergilinin Pollion ilə tanışlığı bu zamandan başlayır. Pollion Vergilini Messenata,, Messenat isə onu Avqusta təqdim edir. Bu münasibətlə, gənc şair “Bukolika” əsərinə salınmış birinci ekoloqda hökmdar Oktavian Avqustu tərənnüm edib.

 

Atasının mülkü ikinci dəfə müsadirə edildikdə Vergili yeni komandan Alfen Vara şikayətə gedir. Alfen Var, Vergilinin məktəb yoldaşı idi. Vergilinin mülkü ikinci dəfə özünə geri qaytarılır. Artıq bundan sonra Vergili Roma şəhərində əyanlar içərisinə düşür, sarayda dönüb dolaşır, sarayın tanınmış və rəsmi şairi olur.

 

Bu zaman Vergili əllərdə dolaşan bir çox kiçik şeirlərin və “Bukolika” adlı şeir məcmuəsinin müəllifi idi. Kiçik şeirləri Vergili sağlığında nəşr etdirməmişdi. Ölümündən sonra külliyyatına daxil edilən bu şeirlərin Vergiliyə aid olub-olmaması hələ də mübahisəlidir.

 

Romadan Neapola gələn Vergili Messenatın tapşırığı ilə “Georgiki” əsəri üzərində işləyir. Həmin əsəri 30-cu ildə bitirərək Messenata ithaf edir. 

 

29-cu ildə, bilavasitə Avqustun göstərişi ilə məşhur “Eneida” dastanını yazmağa başlayır. On il dastan üzərində işləyir, əvvəl onu nəsr şəklində, sonralar isə şeir ilə yazır. 19-cu ildə təsvir etdiyi yerləri öz gözü ilə görmək məqsədilə Asiyaya səyahətə gedir. Lakin Avqust onu yarı yoldan qaytarır.19-cu ildə Brundiziyada 51 yaşında vəfat edir. Onun cənazəsini Neapol şəhərinə gətirirlər və şəhərin yaxınlığında dəfn edirlər.

 

Onun qəbir daşına yazılmış beytdə belə deyilir ki, “Mantuya məni dünyaya gətirdi, Kalabiriyalılar məni oğurladılar, indi mənə hakim Neapoldur. Mən otaqları, zəmiləri və qəhrəmanları tərənnüm etdim”.