Görkəmli şəxsiyyətlər

Avstraliya sahillərinə çatan ilk avropalı: Villem Yanszon

Avstraliyanı sahillərini kəşf edən ilk avropalı - hollandiyalı Villem Yanszon (Willem Janszoon) sayılır. 28 noyabr 1605-ci ildə Yanszon öz ekipajı ilə "Dufken" gəmisində Bantamdan yola çıxaraq naməlum ərazilərə yola düşdü. Kay və Aru adalarının şimalından keçərək Yeni Qvineyanın cənub sahillərinə çatdı. Yanszon buranı "Bataqlıq diyarı" adlandırdı və sahil xətti boyu 400 kilometr yol qət etdi.


Daha sonra Kolepom adasını keçərək Yanszon, cənub-şərqə döndü və Arafur dənizinin mərkəzi hissəsini də keçərək tanımadığı bir sahilə yaxınlaşdı. Bura məhz Avstraliya idi. Keyp York yarımadasının qərb hissəsində, kiçik bir çay mənbəyinin yaxınlığında, 1606-cı ilin mayında hollandlar “avropalıların Avstraliya qitəsinə ilk gəlişi”ni etdilər. 


6 iyun 1606-cı ildə Kerver burnundan "Dufken" gəmisi 180º dönərək geri döndü. Albatros körfəzinə eniş əsnasında Hollandlar ilk Avstraliya aborigenləri ilə əlaqə qurdular. Lakin onlar arasında döyüş başlandı və hər iki tərəf itki verdi. Şimala doğru davam edən dənizçilər Keyp York yarımadasının sahilləri boyu üzdülər və demək olar ki, şimal ucuna qədər ərazini xəritəyə saldılar. Yanszonun xəritəsində “Yeni Hollandiya” kimi qeyd olunan Avstraliyanın ümumi sahil boyu uzunluğu təqribən 350 kilometr idi.


Təəccüblüdür ki, Avstraliyanın ilk xəritəsi bu günə kimi qorunub saxlanılıb. Şimaldan Torres boğazına doğru irəliləyən hollandlar daha bir çox  kiçik ada və xəritədə "qorxulu yer" kimi qeyd olunan bir neçə rif (sualtı qayalar) kəşf etdilər.