Bu maraqlıdır!

Biq-Ben Londonun rəmzidir

Londonu  Biq-Bensiz, Biq-Beni Londonsuz  təsəvvür etmək olmaz.  Vestminster  sarayının saat qülləsi artıq çoxdan şəhərin rəmzinə çevrilib. Biq-Benin səsini hər bir britaniyalı tanıyır, axı, bu səs hər saat  radio ilə yayımlanır. Biq-Ben (Böyük Ben) adına  diqqət etsək, onun nə ifadə etdiyini başa düşərik.  
 
Sən demə, əvvəllər nə qüllə, nə də onun üzərindəki saat yox, ikimetrlik ağır zəng Biq-Ben  adlanırmış.  Çəkisi iki  yaşlı Afrika filinin çəkisi qədər – 13,7 ton olan zəng saatın düz ortasında yerləşir! Razılaşın ki, “biq-ben, biq-ben” səsi saat çıqqıltısından çox  “zəng səsini” xatırladır.  Buna baxmayaraq,  bu ad o qədər uğurlu olub ki,  zəngdən sonra  saatı,  daha sonra  əfsanəvi London qülləsini Biq-Ben adlandırmağa başlayıblar. 
 
Keçmiş zamanlarda Biq-Ben həbsxana olub. Biq-Benin öz tarixi isə təqribən 170 il əvvəl başlayıb. Londonda tüğyan edən növbəti yanğından sonra Vestminster sarayını bərpa etmək lazım gəlir.  
 
Arxitektor Çarlz Beri qərara gəlir ki,  şəhər saatı üçün  ən münasib yer Müqəddəs Stefan qülləsidir. Saatın inşasına pul ayırsalar da, Ç.Berinin qarşısına şərt qoyurlar:  yeni saat  dünyada ən dəqiq  və böyük saat olmalıdır.  Londonun hətta ən ucqar guşələrinin sakinləri onun zənginin səsini eşitməlidirlər. Krallığın ən yaxşı saatsazları və  astronomları  saatın  mexanizmi  üzərində  işləmişlər. 
 
Biq-Ben adının kimin ağlına gəldiyi barədə  mübahisələr  çoxdan getsə də, bu sualın dəqiq cavabı indiyədək yoxdur.  Versiyalardan birinə görə,  zəng inşaat işlərinə başçılıq edən  ser Bencamin Hollun “adaşıdır”. Qədd-qaməti ilə seçilməyən usta şişman olduğu üçün onu Böyük Ben adlandırırmışlar. Digər versiyaya görə,  zəng  o vaxt məşhur olan ağır çəkili  boksçu Ben Skautun şərəfinə belə adlandırılıb.  
 
2012-ci ildə London qülləsinin adını yenidən dəyişiblər. İndi o,  Böyük Britaniya  kraliçası  Elizabetin şərəfinə  Eizabet Qülləsi adlanır. Biq-Ben 1859-cu il mayın 21-də  işə salınıb.  O vaxtdan “yorulmadan” vaxtı  göstərir  və demək olar, heç vaxt dayanmır.