Xəbərlər

Məktəblilər ölkəmizin bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olacaqlar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Samux rayon ümumi təhsil müəssisələrinin şagirdləri Qəbələ-Şəki-Zaqatala istiqamətinə yola salınıblar. Yolasalma mərasimində Samux Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla qeyd olunan marşrut üzrə yola düşüblər.

 

Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanın tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində mühüm rol oynayan və artıq ənənə halını alan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Prezident İlham Əliyevin tövsiyəsinə əsasən təşkil olunur.

 

Qeyd edək ki, noyabrın 18-də səhər saatlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir məktəbliləri də Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyaya qoşulublar.

 

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçıları arasında Daşkəsən məktəbliləri də var. Rayon ümumi təhsil məktəblərinin 20 nəfərdən ibarət qrupu noyabrın 18-də Quba, Qusar və Xaçmaz şəhərləri marşrutu üzrə yola salınıblar. Tur-aksiya noyabrın 18-dən 21-dək olan tarixi əhatə edir.

 

Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini bir dəqiqəlik sükutla anıblar.

 

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

 

Məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar.

 

Qeyd edək ki, noyabrın 18-də səhər saatlarında Göygöl və Goranboy məktəbliləri də Quba-Qusar-Xaçmaz istiqamətində yola salınıblar.