Xəbərlər

Şimal rayonlarından olan 150-yə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub

Noyabrın 18-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.

 

AZƏRTAC xəbər verir ki, qərb bölgəsinə ekskursiyada Şabran, Quba və Qusardan 150 nəfərə yaxın yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edirlər.

 

Şabran şəhərindən yola çıxan tur-aksiya iştirakçılarının yolasalma mərasimində çıxış edənlər Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıblar.

 

Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

 

Diqqətə çatdırılıb ki, ötən müddətdə ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib.

 

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxan məktəblilər Azərbaycanın ən böyük ikinci şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Nizami yurdunun yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə ətraflı tanış olacaqlar. Tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

 

Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Məktəblilər Azərbaycanın dövlət himnini ifa edib, xatirə şəkli çəkdirdikdən sonra xüsusi avtobusla ekskursiyaya yola salınıblar.