Bu maraqlıdır!

Uşaqlar bizim gələcəyimizdir

«Uşaqsız ev susuz dəyirmana bənzəyir», - deyib ata-babalarımız. Ailənin təməlinin möhkəm qoyulmasında, iki insan - qadın və kişi arasında bağlanan nigahın uzunömürlü olmasında, sözsüz ki, ailədə doğulan körpənin əvəzsiz rolu vardır. Körpə gülüşü ata-anaya sevinc bəxş edir, onları birgə yaşamağa ruhlandırır, ailəyə xoşbəxtlik gətirir. Valideyn ağır iş günündən sonra nə qədər yoğun olursa olsun, körpəsinin baxışlarına təbəssümlə cavab verir, onun qayğıları ilə maraqlanır. Bu, valideynin mənəvi rahatlığına səbəb olur.   


«Kiçik dövlət» sayılan ailənin sağlam, fiziki cəhətdən gümrah, mənəvi cəhətdən kamil olması günümüzün vacib məsələlərindəndir. Bu vacib məsələnin həlli üçün ilk növbədə, ailə, bağça, məktəb, ali təhsil ocaqları, ümumilikdə bütün cəmiyyət var-qüvvəsini səfərbər edir. Uşaqları kiçik yaşlarından düzgün tərbiyə etmək, onların əqli və fiziki imkanlarını  yüksək səviyyədə inkişaf etdirmək, gələcəkdə vətənə, xalqa layiq övlad kimi yetişdirmək ən vacib amildir. Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi, onların inkişafına göstərilən diqqət, gənc nəslin üzləşdiyi problemlərin həlli istiqamətində atılan məqsədyönlü addımlar, gördüyü tədbirlər dövlətimizin əsas prioritet vəzifələrindəndir.


“Sağlam millət, sağlam gələcək” deməkdir


Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, intellektual və mədəni səviyyəsinin yüksəldilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə, vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın rolu əvəzsizdir.  Dünya təcrübəsi, əsrlər boyu sübut etmişdir ki, fərdin mənəvi və fiziki sağlamlığı, son nəticədə xalqın ümumi sağlamlığı, millətin bu günü və gələcəyidir. Uşaq və gənclərin tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək,  bu sahədə kütləviliyi təmin etmək üçün Azərbaycanda məqsədyönlü və hərtərəfli işlər görülür. Təbii ki, idmanın inkişafı, həm də sağlam həyat tərzinin təbliğinə xidmət edir.


“Sağlam millət, sağlam gələcək” deməkdir. Azərbaycan dövləti sağlam gələcəyin təminatçısıdır. Bu baxımdan deyə bilərik ki, paytaxt və bölgələrdə tikilib istifadəyə verilən Olimpiya idman kompleksləri, idman zalları, stadionlar Azərbaycan xalqının sağlamlığına xidmət edir.  Bu cür idman qurğuları həm də Azərbaycanın idman ölkəsi kimi uğurlarında əhəmiyyətli rol oynayır. Dövlət qayğısı ilə əhatə olunan idmançılarımızın dünya arenalarında əldə etdikləri uğurların sayı ildən-ilə artır. Ölkəmizin beynəlxalq yarışların mərkəzinə çevrilməsi də təsadüfi deyil. Beynəlxalq idman qurumları mötəbər yarışları Azərbaycana həvalə edir. Çünki bu qurumlar yaxşı bilirlər ki, ölkəmiz belə tədbirlərin təşkilində kifayət qədər təcrübəyə malikdir.


Dörd ildən bir keçirilən və möhtəşəmliyi, səviyyəsinə görə digər yarışlardan fərqlənən Olimpiya oyunlarında idmançılarımızın əldə etdiyi nəticələr, qazandıqları uğurlar ürəkaçan və sevindiricidir. Olimpiya çempionları Fərid Mansurov (yunan-Roma güləşi), Toğrul Əsgərov (sərbəst güləş), Elnur Məmmədli (cüdo) dünya çempionları Hacı Əliyev (sərbəst güləş), Rafael Ağayev (karate) və başqaları gələcəyimiz olan uşaqlar üçün örnəkdirlər.


Uşaqları məcbur etmək yox, həvəsləndirmək lazımdır    


Biz həmişə uşaqların erkən inkişafının faydası haqqında danışırıq. Lakin istənilən hər bir prosesin əks tərəfi də vardır. Bəzi valideynlər uşağı həddindən artıq yükləyərək, ona hər şeyi erkən yaşdan başa salmağa çalışırlar. Məsələn, ana yaş yarımlıq körpəsinə güllərin rəngini (yaşıl, qırmızı, sarı və s.) anlatmağa çalışır. Görəsən, buna lüzum vardırmı? Axı o, hələ balacadır, hətta normal danışmağı da bacarmır. Dəfələrlə şahidi olduğum bir məqamı diqqətə çatdırmaq istəyirəm. Adətən, analar bir yerə yığışanda dil-boğaza qoymadan övladlarının müəyyən bacarıq və vərdişlərindən danışır, özlərini yaxşı, nümunəvi valideyn hesab edərək qürrələnirlər (məsələn, “mənim uşağım musiqi məktəbinə gedir”, “rəsm dərnəyinə yazılıb”, “idmanla məşğul olur” və s.). Bununla analar, əslində, övladları ilə deyil, özləri ilə qürrələnir və özlərini ətrafdakılardan üstün tuturlar. Siz də etiraz etməzsiniz ki, son vaxtlar bu, sanki, dəb halını alıb. Valideynlər bəzən azyaşlı uşaqları özləri ilə hara gəldi aparırlr - musiqi məktəbi, rəqs dərnəyi, idman, təsviri sənət məktəbi və s. Bu cür valideynlər uşağın qulağının dibində “lazımdır, lazımdır!” sözlərini təkrar etməkdən yorulmurlar. Bütün bunlar uşağa məcburən, zorla tətbiq edildiyi üçün onun getdikcə bu dərslərə marağı azalır və həvəsdən düşür.  


Gəlin etiraf edək ki, uşağın erkən inkişafı, əsasən, biz, valideynlərin maraq dairəsindədir. Yəni hər bir valideyn öz uşağının daha tez böyüməsinə, mənəvi və fiziki inkişafına, savadlı, hərtərəfli olmasına “tələsir”. Əslində, bu, uşaqlara lazım deyil. Çünki orqanizmin özünün qanunauyğun fizioloji inkişaf prisesi vardır. Bəziləri başqasının uşağını öz övladına nümunə göstərərək: “Bax, görürsən, o səndən daha yaxşıdır, ağıllıdır”, - deməklə,  öz övladının əsəbi və gərgin olmasına şərait yaradırlar. Araşdırmalar göstərir ki,  bu cür tənbeh edilən uşaqlarda özünə inamsızlıq, laqeydlik hissi  yaranır.


Öz övladının qayğısına qalmaq istəyən, onun gələcəkdə şəxsiyyət kimi formalaşmasına çalışan valideynləri (xüsusən də, anaları) bir sual düşündürməlidir: “Mən övladıma kifayət qədər vaxt  ayıra bilirəmmi? Ona kifayət qədər qayğı göstərirəmmi?”  


Biz onların taleyi üçün məsuliyyət daşıyırıq


Mütəxəssislər uşağın mənəvi inkişaf prosesinin böyük əhəmiyyət daşıdığını bildirirlər. Çünki onun gələcəkdə necə insan (xeyirxah, səmimi, başqasının fikirlərinə hörmət edən) olması, cəmiyyətə xeyirli bir fərd kimi yetişməsi, kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır. Həyat təcrübəsi göstərir ki, insana elmi, ensiklopedik biliklərdən başqa, həyatda çətinliklərə dözmək, qarşıya çıxan maneələrdən keçə bilmək üçün təcrübə, dözüm, iradə kimi yüksək keyfiyyətlər də lazımdır.  Psixoloqlar sübut edirlər ki, əksər valideynlər uşaqlarını “dar çərçivə”də saxlayırlar. Nəticədə, yeniyetmə yetkinlik dövründə bu çərçivədə sıxılır və bundan uzaqlaşmağa çalışır. Uşağın keçirdiyi sıxıntılar onunla valideynləri arasında fikir ayrılığına gətirib çıxarır. Nəticədə, valideyn-övlad münasibətləri pozulur. Münasibətlərin bu şəkildə pozulması ağır fəsadlar və xoşagəlməz hallara yol açır.  


İnsan həyatda müəyyən uğur qazanmaq və karyera əldə etmək üçün həm də yüksək mənəvi və insani keyfiyyətlərə malik olmalıdır. Yumor hissi, insanlarla qaynayıb-qarışmaq, cəldlik, diqqətlilik, sayıqlıq və s. kimi keyfiyyətlər insanın cəmiyyətdə müvafiq mövqe və yer tutmasına əlverişli şərait yaradır.


Uşaqlara yalnız ensklopedik, elmi biliklərin verilməsi həyat təcrübəsinə ziddir. Vacib deyil ki, uşaq 3 və ya 5 yaşında əlifbanı öyrənsin. Bilmədiyini uşaq bağçasında və ya orta məktəbdə, onsuz da, ona öyrədəcəklər. Amma mənəvi və əxlaqi keyfiyyətlərlə bağlı dərs proqram şəklində heç bir yerdə keçilmir. Təbii ki, orta məktəblərdə bu məsələyə ciddi yanaşılır. Bununla belə, bütün şagirdləri mənəvi və əxlaqi cəhətdən yetkin formaya salmaq mümkün deyil. Bu məsələdə insanın genetik dəyərləri, ailədə aldığı tərbiyə önəmli amildir. Mənəviyyat və əxlaqla bağlı söhbətlərə uşaqları lap kiçik yaşlarından cəlb etmək lazımdır. Gözəlliyi qiymətləndirmək, insani münasibətlərə dəyər vermək, başqalarının halına yanmaq, xeyirxahlıq etmək kimi müsbət keyfiyyətlərin uşaqlara  aşılanması onların vətənə, xalqa, millətə layiq vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. 


Hamımız uşaqlarımızın və gənclərimizin taleyi üçün məsuliyyət daşıyırıq. Məsuliyyət daşıyırıq ona görə ki, bu gün qayğısız böyüyən uşaqlarımız, gənclərimiz sabah Vətənin, millətin, xalqın gələcəyi üçün laqeyd olmasınlar. Yaşadıqları torpağın, vətəndaşı olduğu ölkənin mənafeyini müdafiə etməyi bacarsınlar. Laqeyd olmayaq, çünki uşaqlar və gənclər millətimizin gələcəyidir!