Şeirlər

Eldar Baxış. Məftunun bağa getməsi

Məftunu apardılar 
Bir gün meyvə bağına. 
Dördgöz olub boylandı 
Qız soluna, sağına.
- O nar mənimdir, - dedi, 
Heç kəs nara dəyməsin. 
Heç kəs o şaftalının 
Qanadını əyməsin. 
O alma da mənimdir, 
Əl vurmasın bir adam. 
Mənimdir o gilənar, 
O albalı, o badam... 
O əncir də mənimdir, 
O üzüm də mənimdir. 
Kim toxunsa, döyərəm. 
Nə vaxt kefim istəsə, 
Yarısını saxlaram, 
Yarısını yeyərəm. 
Günel dedi:

- A Məftun, 
Bu nə işdir görürsən? 
Hamısı sənin oldu, 
Bəs bizə nə verirsən? 
Məftun dedi: - Sizəmi? 
Gedin axtarın, gəzin. 
Gördüklərim - mənimdir, 
Görmədiklərim - sizin.