Şeirlər

Məstan Günər. Suallar və cavablar

- Ata, sən bizə

Danış bir görək:

Qışda üşümür

Göldə qaz, ördək?
- Tükünə baxır.
- Qar altda turplar

Qızınır necə?

Soyuq deyilmi

Onlara gecə?
- Ləkinə baxır.
- İsti bələkdə

Yatır körpələr.

Donmur şaxtadan

Çöldə kirpilər?
- Kürkünə baxır.
- Çıxa bilmirik

İsti otaqdan.

Çöldə toxumlar

Qorxmur sazaqdan?
- Əkinə baxır.
- Birdən kəsmədi

Güclü külək, qar,

- Ağaclar onda

Yerindən qopar?
- Kökünə baxır