Şeirlər

Zahid Xəlil. "Xor"

Bilirsənmi xor nədir? 
İnsanların birliyi! 
Dənizlərin birliyi, 
Ümmanların birliyi.

 

Xora qoşulmusansa, 
Kimləsə həmfikirsən. 
Deməli, bir amalın 
Qeyrətini çəkirsən.

 

Xor oxuyur meşələr, 
Xor oxuyur dənizlər. 
Bir mahnı ürəkdəki 
Milyon dərdi təmizlər.

 

Toplardan titrəməsin 
Meşə, yamac, dağ, dəniz. 
Xor oxuyaq, titrətsin 
Qoy dünyanı nəğməmiz.

 

Kim deyir ki, xor deyil
Min-min çiçək dəstəsi? 
Bir "ağ qızıl" tarlası,
Bir kəpənək dəstəsi?

 

Dostun mahnı oxusa, 
Onun səsinə səs ver. 
Qoy gurlasın nəğməniz, 
Ona yeni həvəs ver.

 

Bilirsənmi xor nədir?
İnsanların birliyi! 
Dənizlərin birliyi, 
Ümmanların birliyi.