Xəbərlər

Sumqayıtlı fidanlara gözəl hədiyyə

Sumqayıtdakı 17 saylı “Gül” uşaq bağçası əsaslı təmirdən sonra körpələrin ixtiyarına verilib. “Azərikimya” İstehsalat Birliyinin həyata keçirdiyi təmir və yenidənqurma işləri uşaq bağçasının 60 illik yubileyinə ən gözəl hədiyyədir.

 

AZƏRTAC xəbər verir ki, uşaq bağçası dekabrın 9-da qapılarını öz sakinlərinin üzünə açıb. Bağçanın ilk qonaqları Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə olub.

 

Onlar əvvəlcə məktəbəqədər uşaq müəssisəsində görülən işlərə tanış olublar. Məlumat verilib ki, şəhərin 1-ci məhəlləsində yerləşən 17 saylı “Gül” uşaq bağçası 1959-cu ilə istifadəyə verilib. Bütövlükdə əsaslı təmir olunan bağça lazımi mebel və avadanlıqla təchiz edilib. Həmçinin həyətyanı ərazi abadlaşdırılıb, yüzlərlə ağac və gül kolu əkilib, söhbətgahlar tikilib. İstilik sistemi yenidən qurulub, təhlükəsizlik nəzarəti kameraları quraşdırılıb.

 

Kollektivlə görüş zamanı ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək qayğı göstərildiyi qeyd edilib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın hər yerində, o cümlədən Sumqayıt şəhərində müasir uşaq bağçalarının tikildiyi, əsaslı təmir olunduğu və zəruri avadanlıqla təchiz edilərək fidanların ixtiyarına verildiyi diqqətə çatdırılıb. Yaradılan şəraitin uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Sonra qonaqlar musiqi zalına gələrək balacaların hazırladığı maraqlı və rəngarəng ədəbi-bədii proqramı izləyiblər. Vətənpərvərlik ruhunda şeirlər söylənilib, şən musiqi nömrələri təqdim edilib.