Şeirlər

Hikmət Ziya. "Yaxşılığa əvəz"

Kök yeyərək meşəylə 
Gedirdi bala dovşan. 
Mahnı da oxuyurdu 
Fit çala-çala dovşan. 
“Kefim kök, damağım çağ, 
Adımdır Palazqulaq. 
Kim deyir ki, çəpgözəm, 
İnanmayın bu sözə... 
Kök yeyirəm, kökəlim, 
Kök yeyirəm, yekəlim. 
Kökdə çox vitamin var, 
Kim yesə, tez boy atar.

Sevirəm gəzməyi də,
Meşəni süzməyi də, 
Atılmağı-düşməyi,
Qar üstə sürüşməyi...”

Yol üstə bala dələ 
Dedi: - Bir dayan hələ, 
Mahnını sonra oxu, 
Sənə sözüm var axı. 
Qabaqda canavar var, 
Qayıt, işin pis olar! 
Dovşan dedi: - Ay dələ, 
Sağ ol! Al, kök ye hələ. 
Dələ ötdü: - Yox, - deyib, 
- Anam mənə söyləyib: 
Yaxşılıq eləyən kəs,
Ona əvəz istəməz”.