Nağıllar, hekayələr

Ən böyük dövlət (rəvayət)

Keçmiş zamanlarda bir cavan oğlan daim öz kasıblığından şikayət edərdi.
- Ah, kaş mənim də böyük dövlətim olaydı! Onda mən həmişə deyib-gülüb yaşayardım! - deyə o, həmişə gileylənirdi.


Bir qoca daşyonan onun evinin yanından keçəndə oğlanın sözlərini eşidib dedi:
- Sən nədən şikayətlənirsən? Sən ki böyük dövlət sahibisən!


Mən dövlət sahibiyəm? - deyə oğlan təəccübləndi. - Bəs hanı?
- Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq istərdin? - deyə qoca ondan soruşdu.
- Sən nə danışırsan?! - deyə oğlan təşvişlə ona cavab verdi. - Mən gözümü heç bir xəzinəyə dəyişmərəm.
- Yaxşı, - deyə daşyonan sözünə davam etdi. - Onda gəl əllərini kəsək. Əvəzinə sənə çoxlu qızıl verərəm!
- Yox, mən əllərimi qızıla satmaram, - deyə oğlan cavab verdi.


Daşyonan dedi:
- İndi görürsən ki, sən necə dövlətlisən?! Bəs nə üçün şikayətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz!
Qoca bunu deyib öz yolu ilə getdi.