Nağıllar, hekayələr

Təmraz və Gün

Biri vardı, biri yoxdu, qədim zamanlarda Atropatena adlı bir məmləkətdə, hər yanı qayalıq olan Qobustan adlı bir diyar var idi. Qobustan düz Quz dənizinin kənarında yerləşirdi.


Bu diyarda adamlar tayfa şəklində yaşayardılar. Ən böyük tayfa Böyükdaş qayalığında, ondan bir az kiçik tayfa Kiçikdaş qayalığında, onların hər ikisindən də kiçik bir tayfa isə Cingirdağ qayalığında yaşayardı.

Tayfalar arasında ov üstündə, yer üstündə tez-tez dava-dalaş düşərdi. Çox vaxt tayfa başçıları dalaşanları sakitləşdirər, bəzən da araya tayfa düşmənçiliyi düşərdi.

Hər üç tayfanın ən çox xoşladıqları peşə dənizdən balıq tutmaq idi. Onlar hər gün qayıqla balıq ovuna gedərdilər.

Bir dəfə Böyükdaş tayfasının dəliqanlıları qayıqla balıq ovuna çıxmışdılar. Onların qayığı çox gözəl idi. Qayığın burnuna balaca, taxtadan düzəldilmiş günəş asmışdılar. Taxtadan düzəldilmiş günəşin üstünə parıldayan kəpənəklərin qanadları yapışdırılmışdı deyə, o par-par parıldayır və doğrudan da Günəşə oxşayırdı.

Cavanlar deyir, gülür, həm də ov edirdilər. Qayıq balıqla dolu idi. Hava qaralmağa başladığından onlar qayıtmaq istədilər. Hava çox dumanlı idi. Oğlanlar birdən çığırtı səsi eşitdilər. Qayığı səs gələn tərəfə yönəltdilər. Onlardan çox-çox aralıda üzən bir qayıqdan qızların qışqırıq səsləri gəlirdi. Oğlanlar qayığa yaxınlaşdılar. Balıq ovuna gəlmiş Cingirdağın tayfa qızlarının başına nə gəlmişdisə, onlar yaman qışqırışırdılar.

Oğlanlar suya baxanda gördülər ki, Cingirdağın tayfa başçısının qızı Gün suyun içərisində çapalayır, az qalır boğulsun. Oğlanlardan ən yaxşı üzən Təmraz qızı sudan çıxartmaq üçün özünü suya atdı. Üzə-üzə qızın yanına yaxınlaşdı ki, onu xilas etsin, gördü ikibaşlı su əjdahası sarılıb qızın bədəninə, onu möhkəm sıxıb.

Su əjdahası Təmrazı suda görən kimi qızdan əl çəkib oğlanın üstünə üzməyə başladı.
Tayfa qanunlarına görə ikibaşlı su əjdahasını öldürmək olmazdı. Bu günah idi. Su əjdahası müqəddəs sayılırdı. Əgər su əjdahası Təmrazı öldürsəydi də, oğlan ona heç nə eləməməliydi. Deyilənə görə əjdaha adam kimi dil başa düşürdü. Təmraz onu öldürsəydi, gərək tayfa başçısının əmri ilə Təmrazı öldürəydilər.

Amma Təmraz onu da eşitmişdi ki, su əjdahası günəşdən çox qorxur, o göydə olanda heç vaxt suyun üzünə qalxmır. Buna görə də Təmrazın ağlına gəldi ki, qayığın burnuna bərkidilmiş, taxtadan düzəldilmiş günəşi su əjdahasına göstərsin, bəlkə əjdaha ondan əl çəkə. Buna görə də o, var gücü ilə qayığa tərəf üzməyə başladı.

Təmrazın kiçik qardaşı da qayıqda idi. O, qardaşının fİkrini başa düşdü və tez qayığın burnundakı taxta günəşi qoparıb qardaşına atdı. Təmraz onu göydə tutub, su əjdahası gələn tərəfə tutdu. Əjdaha əvvəlcə "günəşi" görmədi və var gücü ilə Təmraza sarıldı. Ağzını bərkdən açıb onu udmaq istəyəndə oğlanın əlindəkİ "günəşi" gördü. Su əjdahası elə bildi KI,  gördüyü doğruçu günəşdir. Tezcənə şikarının bədənindən açılıb, üz tutdu dənizin dibinə.
Beləliklə Gün də, Təmraz da sağ qaldılar.

Həmin gündən Təmraz bir könüldən min könülə gözəllər gözəli Günə vuruldu. Həmçinin Gün də öz xilaskarını sevdi.

Amma cavanlar bunu sirr kimi ürəklərində saxladılar. Çünki aradakı tayfa düşmənçiliyinə görə Böyükdaş tayfasından heç kəs Cingirdağ tayfasından bir kəslə qohum ola bilməzdi.
Arada düşmənçilik olsa da, Cingirdağ tayfasının başçısı qızını ölümdən qurtaran igidə hədiyyə olaraq iri buynuzlu iki qoç göndərdi. Təmraz sevindiyindən həmin qoçların əksini qayalıqda çəkdi.

Təmrazla Gün arada olan düşmənçiliyə məhəl qoymayaraq, gizlin-gizlin görüşməyə başladılar. Onlar günü-gündən bir-birlərini çox sevirdilər. Gecələr Təmrazla Gün dəniz kənarına gəzməyə çıxar, gəzişərdilər. Təmraz su əjdahası ilə də dost laşmışdı. O, taxtadan düzəldilmiş "günəşi" götürər, əjdahanın belinə minərək, ona istədiyi əmrləri verərdi. Əjdaha da itaətkarcasına oğlanın əmrlərini yerinə yetirərdi. Gün bundan hirslənər, sevgilisi isə ona qulaq asmazdı.

Təmraz qayaların üstündə gözəl-gözəl şəkillər yona bilirdi. O, bir dəfə qayanın ən hündür yerinə çıxdı və orada özü ilə Günün əksini daşa həkk elədi. Günün və bütün tayfa adamlarının bu şəkildən çox xoşları gəldi. Heç kəs belə bir iş bacarmadığından hamı Təmraza müqəddəs bir məxluq kimi baxmağa başladı. Elə o gündən də tayfalar arasında düşmənçilik götürüldü. Böyükdaş tayfasının başçısı Təmrazla Günə toy eləməyə icazə verdi.
Adətə görə toyda tayfanın ən güclü cavanı qavaldaş çalar, qalan hamı - cavan, qoca, tayfa başçısının özü də yallı gedərdilər.

Təmrazla Günün toyu da belə başladı. Tonqallar yandırıldı, qavaldaş çalındı. Hamı yallıya başladı. Qoçlar kəsildi, soyuldu və bütöv-bütöv odda qızardıldı. Hamı yedi-içdi, dedi, güldü, şənlik etdi. Toy üç gün, üç gecə davam elədi.

Qobustanın belə xoş bir günündə Roma qoşunları qayalığa gəlib çıxdılar. Hamının kefi pozuldu. Çünki romalılar buralara həmişə soyğunçuluğa gələrdilər. Qobustanın tayfa başçılarının və hətta adamlarının da onlardan zəhləsi gedərdi. Amma düşmən çox güclü idi. Romalıların 350 min nəfərlik qoşunu vardı. Buna görə də Qobustanın bütün tayfaları onlardan çəkinirdilər.

Romalı qoşun başçısı Antoni ortada bəzənib oturmuş Günü görəndə ağlı başından çıxdı. O, hələ ömründə belə gözəl görməmişdi. Onların ölkəsində qızlar belə gözəl olmurdular. O, əsgərlərinə əmr etdi ki, qızı da özləri ilə götürsünlər. Bunu eşidəndə Təmraz irəli qaçdı ki, sevgilisini xilas etsin. Böyükdaş tayfasının başçısı adamlarına əmr edib, onu dayandırtdı. Bunu başa düşsəydilər, romalılar bir nəfər kimi hamını qılıncdan keçirərdilər.

Təmrazın əl-qolunu möhkəm-möhkəm sarıdılar. Romalılar Günün ağlamağına məhəl qoymadan onu gəmiyə apardılar və Qobustanda qiymətli nə var idisə hamısını gəmilərə yükləyib, obalarına yola düşdülər.

Gəmilər yola düşəndən sonra Təmrazın əl-qolunu açdılar. Təmraz heç kəsə heç nə demədən qaçıb qayığından taxtadan düzəldilmiş günəşi götürüb qalxdı qayanın başına. Oradan dənizə necə tullandısa, düz getdi suyun dibinə. Suyun dibində axtarıb ikibaşlı su əjdahasını tapdı. Uzaqdan əlindəki "günəşi" ona göstərdi. Əjdaha "günəşi" görən kimi sakitləşdi. Təmraz ona çatıb əjdahanın belinə sıçradı və adam kimi dil başa düşən əjdahaya əmr etdi:

- Çıx suyun üzünə!

Əjdaha bir anda suyun üzünə qalxdı.

- Çatdır məni üzən gəmilərə və onları darmadağın elə!

Əjdaha bütün əmrləri yerinə yetirirdi. O, bir göz qırpımında özünü gəmilərə çatdırdı və üç gəminin üçünü də ortadan iki yerə böldü. Dənizə düşənləri isə yeməyə başladı. Növbə Günə çatanda isə Təmraz əlindəki "günəşi" tutdu əjdahanın gözünə. Əjdaha həmin anda sakitləşdi. Təmraz qızın qolundan tutub əjdahanın belinə qaldırdı. Sonra isə yenə su əjdahasına əmr etdi:

- Bizi çatdır dənizin kənarına, sonra yenə qayıdıb şikarlarını yeyərsən.

Su əjdahası oğlanın dediyi kimi də elədi. Qobustan camaatı düşmənin məhv olmasına və Təmrazla Günün qayıtmasına çox sevindilər.

Yenə də qavaldaşının səsi qayaları götürdü. İndi toy əvvəlkindən də şən idi. Toy davam elədi, su əjdahası da romalıları yeməyinə davam elədi.

Təmraz və Gün evlənib xoşbəxt yaşadılar.

Həmin vaxtdan Qobustandakı tayfalar müqəddəs varlıq kimi Günəşə səcdə eləməyə başladılar. Günəş də onları isitdi, daima başlarının üstündə oldu.