Nağıllar, hekayələr

Abdulla Şaiq. Ata sözünün qiyməti

Varlı bir tacirin üç oğlu vardı. Tacir kiçik oğlunu daha çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Görəsən, niyə atamız onu bizdən çox istəyir? Onun nəyi bizdən artıqdır?”

 

Çox çəkmədi ki, tacir böyük oğullarının narazılığından xəbər tutdu. Qərara gəldi ki, hər üç oğlunu sınağa çəksin.

 

Tacirin alma boyda çox qiymətli bir cavahiri vardı. Cavahirin qiyməti də elə onun böyüklüyündə idi. Bir gün tacir hər üç oğlunu hüzuruna çağırtdırdı. Əlindəki cavahiri əvvəlcə böyük oğluna verib dedi:

 

– Oğlum, bu cavahirin qiyməti sənə məlumdur. İndi mən istəyirəm ki, sən onu yerə vurub parça-parça edəsən.

 

Böyük oğlu cavahiri əlinə aldı. Bir əlindəki cavahirə, bir də atasına baxıb dedi:

 

– Ata, mənim buna əlim gəlməz. Heyifdir axı.

 

Tacir: “Mərhəba, oğlum”, – deyib cavahiri ortancıl oğluna verdi:

 

– Al, oğlum, sən hünərini göstər. Bunu yerə vur, qırılsın!

 

Ortancıl oğulun da cavahiri qırmağa cəsarəti çatmadı.

 


Axırda tacir cavahiri kiçik oğluna verib qırmasını istədi. Tacirin ağzından söz çıxan kimi kiçik oğlu cavahiri zərblə yerə vurub qırıq-qırıq elədi. O biri qardaşlar kiçik qardaşın bu ağılsız hərəkətinə heyrətləndilər. Qardaşları bu vəziyyətdə görən tacir kiçik oğlundan soruşdu:

 

– Oğlum, necə oldu ki, sən bu cavahirin qiymətini bilə-bilə onu heç elədin?

 

Kiçik oğul ehtiramla cavab verdi:

 

– Ata, o cavahir nə qədər qiymətli olsa da, sənin sözün mənim üçün daha qiymətlidir.