Yumor

Ay can, ay can!

Molla eşşəyi həmişə özü yemləyərmiş. Eşşək də çox bəd imiş deyinə, yem verəndə Mollanı çox incidərmiş. Axırda bir gün Molla hirslənib arvadına deyir: – Nə xanım kimi oturmusan evdə əlini ağdan-qaraya vurmursan? Padşah qızı-zad deyilsən ki? Bu adam sənin üçün hambaldı bəyəm? Bundan sonra eşşəyi sən yemləyəcəksən.


Arvad razılaşmır. O deyir, bu deyir. Axırda söz böyüyür. Çox deyişmə-didişmədən sonra belə bir şərt kəsirlər ki, qaradinməz oynasınlar.


Kim qabaqca danışdı, eşşəyi o yemləsin. Hərəsi evin bir küncündə oturur. Arvad gözləyir, gözləyir, görür yox, Molla danışmayacaq.


Axırda durur ayağa, Mollanı evdə tək qoyub çıxır, gedir qonşuya. Lap axşamüstü əhvalatı qonşuya danışıb deyir: – Molla birtəhər adamdı. Mən də ki, acığa düşmüşəm getmirəm. Yazıqdır, çörək-zad yeməyib ac qalacaq. Gəl, ona bir kasa şorba göndərək.


Uşağın əlinə bir kasa şorba verib göndərirlər Mollaya. Uşaq gəlməkdə olsun, bu tərəfdən də bir oğru gəlir Mollanın həyətinə. Baxır ki, qapılar açıq, səs-səmir də yox. Girir içəri baxır ki, Molla evin küncündə oturub, amma nə danışır, nə də tərpənir. Oğru bir qədər dayanıb başlayır evi yığışdırmağa. Molla danışmır. Axırda gəlib Mollanın əmmaməsini də başından götürüb çıxıb gedir. Oğru gedəndən sonra uşaq şorbanı gətirir. Molla işarə ilə evin oğurlandığını, hətta əmmaməsinin də getdiyini uşağa qandırmaq istəyir. Uşaq heç bir şey başa düşmür. 


Axırda Molla əlini üç dəfə başının ətrafına çevirir ki, yəni əmmaməni də aparıblar. Uşaq elə zənn eləyir ki, Molla deyir: şorbanı tök başıma. Uşaq şorbanı Mollanın başına töküb çıxır gedir. Mollanın üz-gözü yanırsa da, yenə dinmir. Arvad uşaqdan soruşur: – Ay bala, Molla nə eləyir? Uşaq evin qarmaqarışıq olduğunu deyib əhvalatı danışır. Arvad durub yüyürür, baxır ki, ev gedib. Qışqırır ki: – A kişi, bu nədir? Molla tez yerindən qalxıb çırtmaq tutur, başlayır oynamağa ki: – Ay can, ay can?.. Birinci sən danışdın. Eşşəyi sən yemləyəcəksən.