Yumor

Ana və bala

Günlərin birində qazının yanına iki şikayətçi arvad gəlir. Qazı bunların şikayətlərinə qulaq asır, amma nə qədər fikirləşirsə, həll eləyə bilmir. Axırda yenə də Molla Nəsrəddini köməyə çağırmağa məcbur olur.


Molla diqqətlə hər iki arvada qulaq asır. Məlum olur ki, bunların hər ikisinin ay yarımlıq körpə uşağı var imiş. Bir gün onlar dənizin kənarında paltar yuyurmuşlar. Uşaqları da qıraqda yatıblarmış. Birdən dəniz bərk dalğalanır və güclü ləpə uşaqlardan birini dənizə atır. İndi qadınlar salamat qalan uşağın üstündə arvadlar vuruşurlar. Biri deyir mənimdir, o biri deyir mənimdir.


Molla Nəsrəddin deyir:
– Siz ikiniz də yalan deyirsiniz. Görünür ki, siz bu uşağı tapıbsınız. Tapılan şeyi də tapmış adamların arasında bölərlər. Biz də indi gərək bu uşağı iki parçaya bölək, hərənizə bir parçasını verək. Molla belə deyən kimi arvadlardan biri qışqırır ki:
– Aman günüdür, uşağı parçalamayın! Qoyun onun olsun, amma salamat qalsın!


Molla uşağı haman qışqıran arvada verir.