Odlar Yurdu

Ramana qalası

Bakının Ramana kəndində XII-XIV əsrlərə aid edilən, ağ daşdan tikilmiş bu müdafiə qalasının hündürlüyü 15 metrdir. Şirvanşahlar dönəmində qəsr kimi də istifadə olunub.


Ramana qalası Abşeron memarlıq üslubunda tikilib. Ancaq onun sıldırım qayanın üzrəində inşa edilməsi və tikinti zamanı daha gözəgəlimli memarlıq elementlərindən istifadə edilməsi abidəni digərlərindən fərqləndirir. Həmçinin, qalanın bu qədər yüksəklikdə inşasının da təsadüfi olduğunu zənn etmirik. Güman edilir ki, bu qalanın əsas funksiyaları müşahidə və məlumat ötürmək olub. Həmin dövrdə qalanın yerləşdiyi məntəqədən digər Abşeron qalalarını görmək mümkün idi. Ona görə, təhlükə vaxtı bu qaladan müxtəlif üsullarla digər qalalara məlumat ötürüldüyü ehtimal olunur.


Qala həmçinin müdafiə məqsədi ilə istifadə edilirdi. İlk baxışdan, ölçüsü kiçik görünsə də, qala, əslində, düşməndən müdafiə olunmaq üçün əla imkanlara malik idi.


Abidə bir çox filmlərin çəkilişində istifadə olunub. “Koroğlu”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlərin müxtəlif kadrlarında möhtəşəm abidəni görmək mümkündür.