Görkəmli şəxsiyyətlər

Güllü Mustafayeva

XX əsr Azərbaycan milli rəssamlıq sənətinin görkəmli nümayəndələri sırasında Güllü Mustafayevanın adını xüsusilə qeyd etmək lazımdır. Rəssam əslən Şamaxı şəhərindən olsa da, 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbindən ailəsi Türkmənistanın Türkmənabad şəhərinə köçməli olub.

 

Güllü Mustafayeva 29 noyabr 1919-cu il tarixində orada dünyaya göz açıb. 1927-ci ildə ailəsi Bakıya gəlib. Ziyalı ailənin övladı olan Güllü xanım zaman yetişdikdə öz sənətini seçmiş və rəssamlığa meyl göstərmişdir. Belə ki, rəsm sənətini dərindən mənimsəyən rəssam qadın 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Xalq rəssamı yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib. Bir-birindən maraqlı epizodlara malik olan tabloları ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da yaradıcılığında yer vermişdir. Məşhur rəssam 1941-ci ildə “Leyli və Məcnun məktəbdə”, 1961-ci ildə isə “Paris. Rəssamlar meydanı” adlı əsərlərini yaratmışdır. Əsərlərində mövzu dərinliyinə xüsusən önəm verən rəssam obrazların daxili mənəvi dünyasını, obyektlərin düzgün quruluşunu və rənglərin ahəngdar koloritini dəqiqliklə işləmişdir. Bununla bərabər, rəssam portretlərində hər bir obrazın psixoloji xüsusiyyətləri yanaşı, dövrün həyat tərzinə uyğun olan geyim üslublarını və yaşayış mühitini də ustalıqla işləmişdir. Bu cür yaradıcı əsərlər arasında rəssamın 1947-ci ildə ərsəyə gətirdiyi şairə Məhsəti Gəncəvinin portretini misal çəkmək olar. Təsvirdə şairənin üz cizgilərindəki sərt ifadə yaşadığı dövrün çətinliklərindən xəbər verir. Bununla belə, humanist baxışları onun şairanə ruhunu ön plana çıxarmışdır. Əsərin bu cür sintezli bir şəkildə hazırlanması, özündən çox-çox əsrlər əvvəl yaşayıb-yaratmış bir şairənin portretini yaratması Güllü Mustafayevanın fırça ustası olduğunu qətiyyətlə sübuta yetirir.

 

Güllü Mustafayeva əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretini yaratmışdır. Nümunə olaraq, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq rəssamı Səttar Bəhlulzadə, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyova, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayeva kimi şəxsiyyətlərin portretlərini göstərmək olar. Güllü Mustafayeva yaradıcı fəaliyyətində uşaq mövzusuna da toxunmuşdur. “Bizim uşaqlar” adlı rəsm silsiləsi sırf uşaqlara aid edilərək çizilmiş və özündə uşaq simalarını əks etdirən bir çox portretləri cəmləmişdir. Portret janrının ustası uşaq portretlərini də eyni dəqiqliklə işləmiş və azyaşlıların üzlərindəki məsumluğu, gözlərindəki dərin xəyali düşüncələri tabloya həkk etməyi bacarmışdır.


Görkəmli rəssamın zəngin yaradıcılığı 1973-cü ildə Azərbaycan SSR Əməkdar Rəssamı adına layiq görülməsi ilə yüksək qiymətləndirilmişdir. Rəssam olmaqla yanaşı, cəfakar, zəhmətkeş ana olan Güllü Mustafayeva 1994-cü ildə Bakı şəhərində şəkər xəstəliyi səbəbindən vəfat etmişdir.