Nağıllar, hekayələr

Aleksandr Düma.Qafqaz səfəri: Bakı

(ixtisarla) 

 


Səhər açılar-açılmaz yuxudan oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardı. Lələ köçüb, yurdu qalmışdı. Çöl də dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm. Biz hələ durmamış atları hazırlamışdılar. Bircə onları faytonlara qoşub yola düşmək qalırdı.


Ətrafı bürümüş ağımtıl duman çox yaxşı hava olacağından xəbər verirdi. Dumanın arasından bərk qaçdıqlarından sanki ayaqları yerə toxunmayan dağ keçiləri görünürdü. O qədər ürkək, o qədər qorxaq idilər ki, bir az yaxınlaşıb bircəciyini də vura bilmədim. Dağların güneyi çəhrayı, quzeyi isə bənövşəyi rəngə çalırdı. Qəribə bir mənzərə ilə qarşılaşmışdıq. Bir yanda qızıl kimi parıldayan qum səhrası, o yandan mavi Xəzər!


Biz Bakıya qədər bu mavi dənizi — gəliş-gedişi az olan, unudulmuş, itirilmiş, insanlara az bəlli olan, ünvanına çox böhtanlar yağdırılan yazıq və məsum Xəzəri bir daha görməyəcəkdik.


Əslində isə Abşeron yarımadasının elə bir nöqtəsinə çatmışdıq ki, Qızılburundan bura qədər yol Xəzər dənizinin sahili boyu uzanıb gəlirdi. Buradan yol gözlənilmədən sağa burulub çöllüyə sarı irəliləyir və sanki nizə şəkilli yarımadanı dənizdən asılı qoyurdu. Beş-altı kilometr hamar yoldan sonra enişər, yoxuşlar gəlirdi. Hiss olunurdu ki, Qafqaz sıra dağlarının son aşırımlarını arxada qoyuruq. Bizim Burqund yaylasına bənzəyən bu yerlərdə yolboyu kiçik kəndlər vardı.


Evlərin bacalarından tüstü çıxır, biçənəkdə sürülər otlayırdı. Arpa-buğda cücərib qalxmışdı. Orda-burda boz dağların döşünə elə bil qeyri-bərabər biçimdə xalılar döşənmişdi.


Hər halda bu, mədəniyyət idi. Əkin-biçin, qorxusuz otlayan sürülər, evlər, sakitlik insanların dinc həyat sürdüyünə dəlalət edirdi.


Dərindən nəfəs aldım. Neçə vaxt idi ki, mədəniyyət barədə heç bir söz eşitməmişdim. Özümü rahat hiss etdim.


— Görəsən, yolun mənzərəli və təhlükəli hissəsi birdəfəlik arxadamı qaldı?


— Bəli, — deyə azərbaycanlı bələdçimiz cavab verdi.


Lakin Qafqaz dağlarının o biri ətəyində biz gözəl mənzərələr və təhlükə məfhumlarının ikili xarakter daşıdığını duyub razı qaldıq. Təhlükə, qorxu yolçunun qəribə bir yol yoldaşıdır. Əvvəlcə adam çəkinir, çalışır ki, qorxuyla üz-üzə gəlməsin. Sonra ona alışır və nəhayət, onun yaxında olmasını arzulayır. Bu elə bir təsiredici qüvvəyə malikdir ki, yaxında olanda insan hər şeyin qiymətini, dəyərini ikili duyur. Təhlükənin olmasına adam sevinir, o sovuşanda təəccüblənir. Hətta yolunu dəyişib təhlükəli, qorxulu yolla getmək istəyir.


Biz istəməzdik ki, onunla birdəfəlik vidalaşaq. Ona görə də «hələlik» deyirəm...


Yol elə bayaqdan gəldiyimiz kimi davam edirdi. Enişlər, yoxuşlar...


Birdən qarşımıza əvvəlkilərdən daha dik və çətin bir yoxuş çıxdı. Yoxuşda atların işini asanlaşdırmaq üçün yox, Bakını bizdən gizləyən bu axırıncı təpənin başına tez çatmaq üçün faytonlardan yerə tullandıq. Yoxuşun lap başına çatanda uzaqda Xəzər dənizini gördük. Bizimlə dəniz arasında bəzi yerləri çökəkliklərdə gizlənən Bakı şəhəri yerləşirdi. Lakin tezliklə Bakı bütün gözəlliyi ilə gözümüz önünə gəldi. Elə bil şəhərə göydən düşmüşdük. İlk baxışdan adama elə gəlirdi ki, Bakı iki hissədən ibarətdir: Ağ şəhər, Qara şəhər. Bakı Rusiyanın tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn tikililər Ağ şəhəri təşkil edir. Qara şəhər isə şəhərin qədim hissəsidir. Bu şəhər də Dərbənd kimi divarlarla əhatə olunmuşdur. Dərbənd qalasının divarları qədər gözəl və mənzərəli olmasalar da, bu divarların özünəməxsus xüsusiyyətləri var. Aydın məsələdir ki, bu divarlar artilleriyadan deyil, soyuq silahdan müdafiə olunmaq üçün ucaldılmışdır. Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi. Buradan qədim məscidin əyilmiş minarəsini və ayağını Xəzərin suları yuyan Qız qalasını da görmək olur.


Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, Avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi vardır. Bizi birbaşa M.Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağzında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünki evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilər yanında üzü açıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub-rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız «Avropa klubu»na yola salan M.Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi.


Xristian kilsəsinin yanında şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamıma vermişdilər.


Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yolboyu bizə göstərilən qonaqpərvərlik gözlədiyimizdən də üstün idi.


Yuyunub-rahatlanmaq üçün M.Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə yuyunmuşduq ki, Piqulevski özü iki faytonla arxamızca gəldi. Azərbaycanlı xanımlar öz milli və dini qanunlarını pozaraq mütləq məni görmək istəyirdilər. Biz hazırlaşana qədər M.Piqulevski gözlədi. O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər.


O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, alışıb-yanan və gülümsəyən gözlərini güclə görmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Dolu sifəti, mirvari kimi ağ dişləri, gözəl dodaqları gözləri ilə tamamilə həm - ahəng idi.


Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışırdı ki, nə demək istədiyini tamamilə başa düşürdük. Onun sifətindən xoşbəxtlik yağırdı. Elə bil Babil qüləsinin dağıldığı gündən bu günə qədər alimlərin yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərflərini bu xoşbəxt adam kəşf etmişdi. 


Faytonlara əyləşib M.Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sıxaraq bizi salamladı. Ailənin iki-üç uşağı da vardı. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələri ilə dərdsiz-qəmsiz irəliləyirdi.


Səbirsizliklə gözləndiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin — gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövqi-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadınının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunurdu.


Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu.


Qapqara saqqalı onun dişlərini daha ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi. Çuxaya qızıl sapla naxış vurulmuş, yaxasında ətrafı qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyü və qızılla işlənmiş zərif bir xəncər asılmışdı. Əynindəki şalvar İran qumaşından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvarı dizdən aşağı sıxmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım.


Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtarana qədər dilmancımız M.Piqulevskinin gözəl qızı idi.