Nağıllar, hekayələr

Gülzar İbrahimova. İtirilmiş sevinc

Aysel ad günündə dostu Elxana bir kitab bağışladı. Hədiyyə Elxanın heç xoşuna gəlmədi. Az qaldı desin: "İşin-gücün yoxdur, bu boyda ağır kitabı özünlə daşıyıb məktəbə gətirmisən ki, mənə verəsən?!". Amma demədi. Fikirləşdi, Aysel ondan inciyər.


Aysel əlaçı idi, kitab oxumağı çox xoşlayırdı. Müəllimlər də, yoldaşları da onun xətrini istəyirdilər.


Elxan isə kompyuterdə oyun oynamağı xoşlayırdı. Fikirləşdi ki, Aysel ona bir kompyuter oyunu bağışlasaydı, daha maraqlı olardı. 


Bir gün Elxan kompyuter oynayanda kompyuter xarab oldu. Nə qədər elədi, kompyuter yanmadı. Darıxmağa başladı. Bilmədi neyləsin. Kitab rəfini axtaranda əlinə Ayselin ona hədiyyə elədiyi kitab keçdi. Vərəqlədi, bir az oxudu. Fikirləşdi: “Bir-iki səhifə oxuyum, sonra həyətə düşüb uşaqlarla oynayaram!”.


Sən demə, bu fokus öyrədən kitab imiş. Elxan kitabı oxumağa başlayanda kitab ona çox maraqlı gəldi. Ordakı bütün fokusları öyrəndi: "Hamının gözü qarşısında necə eləmək olar ki, ovcundakı tennis şarı ağzından çıxsın. İçərisi su ilə dolu stəkanı necə yox eləmək olar? Tanımadığın adamın yaşını, ayağının ölçüsünü necə tapmaq olar?".


Səhər Elxan bütün öyrəndiyi fokusları sinif yoldaşlarına göstərdi. Hamı heyranlıqla ona baxırdı.


Elxan Ayselə dedi: “Bundan sonra mən də çox kitab oxuyacağam! Kaş, bu vaxta qədər kompyuter oyunları oynamaq əvəzinə çoxlu kitab oxuyardım. Kitablar oyunlardan daha maraqlı, əyləncəlidir. Onlar adama nəsə öyrədirlər!".


- Əlbəttə, ‒ deyə, Aysel dostunun “İtirdiyi sevinci”ni tapdığına çox sevindi.