Şeirlər

Bəxtiyar Vahabzadə. “Qocalar”

Çənə əl üstündə, əl çomaq üstə
Qocalar əyləşir tin başlarında.
Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında.

 

Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları.
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Yumub gözlərini düşünür onlar,
Durur göz önündə ötən zamanlar.

 

Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür.
Dünyadan aldığı, dünyaya borcu
Nəymiş?
Düşüncənin sonu görünmür.

 

 

Çomağın ucuna dikib gözünü,
Onlar saatlarla oturar belə.
Fikir bir gəmi ki bilinmir yönü,
Çırpınır, çıxammır ancaq sahilə.

 

Onlar düşündükcə boşalar, dolar,
Fikrin nə sonu var, nə də əvvəli.
Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!

 

Əvvəllər deyərdim, onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Kitab oxuyardım darıxmamaqçün
Onların yerinə olsaydım əgər.

 

Bir qalın kitabmış hər ömür demə,
Oxumaq istəsən, yum gözlərini.
Bekar deyilmişlər...
Ürəklərində
Onlar oxuyurmuş öz-özlərini.