Şeirlər

Hikmət Ziya. “Qarabağda”

Qarabağ təbiətin sərvətidir, varıdır,
Azərbaycan yurdunun solmayan gülzarıdır.
Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır...
Başqa ətirlə açır qönçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır,
Hər daşını görənlər dirçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

 

Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Neçə səslər yetirib bu yerlərin havası!..
Doymursan dinləməkdən neçə təzə avazı,
Qulaqdan getmir bu an xoş musiqi sədası.
Bülbültək ötür, hətta sərçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Burda hər kəs qonağa hörmətini bol eylər,
Şirin sözü, ləhcəsi ürəklərə yol eylər,
Dünya gözəllərini qamətilə lal eylər
Beli üzükdən keçən incələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var...
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var,
Yetişibdir gör necə incilər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı...
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

 

Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.