Şeirlər

Nizami Gəncəvi. Ovçu ilə itin və tülkünün hekayəti

Tez görən, uzaqgörən, usta bir ovçu vardı,
Gəzib biyabanları, ov yerini tapardı.

Bəd bir iti vardı ki, çeviklikdə şir, aslan,
Günəş şüalarını ceyran belində tutan.

Kərgədan tük salardı boynunun qüvvəsindən,
Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən.

Yolçuluqda ovçunun dostu, arxadaşıydı,
Çox işinə yaramış vəfalı yoldaşıydı.

Gecə keşik çəkən it gündüz əmrə müntəzir,
Görərdin ki, onunçün qida gəzir, yem gəzir.

Bir gün aslan ovçunun yox oldu aslan iti,
Ovçunun göz yaşları ciyərlərini diddi.

Bildi ki, dərd əlindən qanə dönsə də ürək,
Ciyərini dişində tutub tab etmək gərək!

Ovçu dözdü, səbrinin misqal boyda arpası,
Bəlkə, bir dirhəm qədər xeyir gətirdi azı.

Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,
Dedi: — Səbir etmək olmaz, sən ey səbirli insan!

Eşitdim ki, eşsiz qüdrət, hünər yolçusu,
Dünyadan köçüb gedib... Nə qəm, başın sağ olsun!

Bir anda yaxalardı yüz cüyürü, ceyranı,
Oldu zirəkliyinin, cəldliyinin qurbanı.

Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,
Ovladığın qəm-kədər sənə iki ay yetər.


Qalx, bu ovdan kabab çək, ver könül ziyafəti,
Dərisi dərvişlərin, əti ovçu qisməti.

Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,
Bir də yağlı tülkülər əlinə keçməyəcək.

Yağlıyıq, yavanıqmı? Düşündürmür heç səni,
Süfrəmizdən çəkmisən iştahının əlini.

Nə yaxşı ki uzağam daha sənin torundan,
Nə yaxşı ki azadam şikarından, darından.

Sirdaşından ayrısan, bəs bu nə cür vəfadır?
Qəm yemirsən... bəs nədən ciyərlərin yaradır?

Ovçu dedi: — Doğacaq... hamilədir bu gecə,
Qəmim bircə günlükdür, keçib gedər indicə.

Bircə bundan şadam ki, bu ölümlü dünyada,
Sevinc, kədər həmişə bir-birini qovmada.

Bu boş, fani dünyada, bu dəyişən qəlibdə,
Xidmət, sərvət, səltənət elə gedib-gəlib də.

Hər şey keçib gedəcək: həm Ay, ulduz, həm fələk,
Rahatlıq da, möhnət də bir gün sona yetəcək.

Bir azca şadlanıram dərdim, qəmim olanda,
Çünki sevinc müjdəsi gətirir qəm cahanda.

Bu qəmdən Yusif kimi mən bəlaya uğradım,
Fəqət qurd deyiləm ki, dərddən dərimi yırtım.

Ey tülkü, şad olma ki, mənə dağ çəkdi fələk,
Hələ sənintək şikar əlimə çox düşəcək.

Ovçu bunu deyərkən yollar toza büründü,
Toz pərdəsi dalından cəsur köpək göründü.


Gəldi, öncə dolandı arxasını, önünü,
Lapdan dişinə çəkdi qasığını tülkünün:

— Bir az gecikdim deyə, sən məni pislədinmi?
Geciksəm də, yetirdim özümü aslan kimi!

O kimsə ki, bəsləyir yəqinliyə sədaqət,
Onun işinin sonu səadətdir, səadət.

Yəqinlik yolunu tut daim bu kainatda,
Yəqinlikdən mübarək mənzil yoxdur həyatda.

Yəqin inam gücünə saf qızıla dönür daş,
Ayaqda əyləşənlər başa keçirlər, qardaş.

Yəqin bir inam ilə addım atsan qorxusuz,
Oddan su çıxararsan, dəniz dalğasından toz.

Yəqini təvəkkülə qarışdırıb yoğuran,
Yazar kərəm əlilə: «Ruzu yalnız Tanrıdan!»

Yəqin əhli nuş edər daşdan yumşaq hər nə var,
Nə quyruqda sülənər, nə çibintək qan sorar.

Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək,
Evindən yavanlığın heç vaxt əskilməyəcək.

Tanrı qapısında ol, o hər kəsdən uludur,
Ruzunu ondan istə, ruzu verən də odur.