Nağıllar, hekayələr

Mikayıl Rzaquluzadə. Vurğun baxışlarla

(İxtisarla)


Kəsin eyşi-nuşu, gələnlər sussun,
Yorğanı dumandan, döşəyi yosun,
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göygöl.

 

Əhməd Cavad

 

 

 

Ucal gözlərinə inanmadı... Yerindəcə donub qaldı.
Bu nə gözəllikdi, bu nə möcüzə idi?!
O, Göygölün şəkillərini çox-çox görmüşdü. Ən adlı-sanlı rəssamların çəkdikləri lövhələrdə də, rəngli kino ekranlarında da, hətta konfet, şokolad qutularının və rəngbərəng şüşələrin üstündə də... Bütün bu şəkillərin ən gözəlləri, hətta zərli çərçivələrə salınmış ən bəzəkli-düzəkliləri də bu mənzərənin qarşısında, Günəş qarşısında şam işığı kimi görünürdü.
Bu nə gözəllikdi... Belə gözəl mənzərəni ancaq ən böyük
ustad — ana təbiət yarada bilərdi.
Səhər şəfəqlərinin zərif göyümtül-bənövşəyi işığında dağların sərin nəfəsi gölün üzərindəki incə tül pərdəni ağır- ağır qaldırdıqca güzgü suların qoynunda başqa bir aləm canlanırdı. Ən gözəl nağıllarda, ən şirin röyalarda canlanan əfsanələr aləmindən daha gözəl bir aləm...
Tünd-yaşıl məxmər ətəklərini göldə yuyan gözəllər kimi, halay vurmuş cərgə-cərgə şam ağacları pillə-pillə ucalır, vüqarlı Kəpəzin yalçın qayaları sıyrılmış xəncərlər kimi bu gözəlləri, bu gözəlliyi sanki yadlardan-yağılardan qoruyurdu...
Gölün büllur suları pənbə buludları, qızıl şəfəqləri, yaşıl təpələri, yastı qayaları qoynuna alıb ağır-ağır ləngər vurduqca sədəf kimi min rəngə çalırdı...
Yox... yox... İndi Ucalın gözləri qarşısındakı bu mənzərəni təsvir etməyə nə rənglər, nə sözlər çatışar... Bu ucsuz-bucaqsız səmanın dərinliyini, bu dağ havasının ətirli sərinliyini, bu əlvan çiçəklərin, rəngbərəng kəpənəklərin sayrışmasını, bu xırdaca quşların civiltisini, gölün qoynunda göy qurşağına bənzər ala balıqları hansı boyalarla, hansı sözlərlə təsvir edə biləcəksən...
Axı Göygöl təkcə su, meşə, çəmən, çiçək, səma, sərin hava, göydə süzən quşlar, suda üzən ala balıqlar deyil... Bunlar hamısı birlikdə Göygöldür — Göygöl bunların hamısı deməkdir...
Ucal ilk dəfə gördüyü Göygölü belə vurğun baxışlarla seyr edə-edə düşünürdü. Axı o, rəssam olmaq istəyirdi. O, məktəbdə yeddinci sinifdə oxuya-oxuya rəssamlıq dərnəyinə gedirdi. İndi bura, Göygölə də, əslinə baxsan, elə bu məqsədlə, həm pioner düşərgəsində istirahət etmək, həm də etüdlər çəkmək məqsədilə gəlmişdi. O, dərnəkdə yalnız şəkillər çəkmək, yalnız müəllimin göstərişlərini yerinə yetirməklə kifayətlənməyib rəssamlığa dair kitablar oxuyur, əlavə çoxlu etüd çəkirdi.
Ucal yaxşı bilirdi ki, təbiət gözəlliyi də insan gözəlliyi kimi, yalnız zahiri deyildir. İnsan gözəlliyi yalnız qara gözlərdən, alma yanaqlardan, qələm qaşlardan deyil, əsl daxili aləmdən, insanın ağlından, kamalından, zəkasından, biliyindən ibarət olduğu kimi, təbiət gözəlliyi də onun sərvətlərindən, nemətlərindən ayrı ola bilməz.
Ucal Bakıda Abşeronun sərt havasında boya-başa çatmış, gah duzlu-sərin, gah da qan donduran dəli xəzrinin, yayda yandırıb-yaxan, qışda qılınc kimi kəsən gilavarın ləzzətini dadmışdı. Bilgəhin, Qalagahın yalçın qayalı sahilləri, Pirşağının sədəf-qumsal çimərlikləri də, hətta Bayılın, Qaradağın, Səngəçalın neft qoxuyan boz qayalıqları da onun nəzərində ayrı cür gözəlliklər idi. Göygöl, məsələn, «Yeddi gözəl» baletindəki rəqqasələr kimi incə, zərif bir gözəlliyə malikdirsə, Abşeron da əlində silah, yalçın qaya başında sərhəd keşiyində duran cəsur əsgəri, nəhəng dalğalara sinə gərib dəniz buruğundan «qara qızıl» çıxaran mərd neftçini xatırladır.