Nağıllar, hekayələr

Balaca Əhməd

Biri vardı, biri yoxdu, uca dağın döşündə Ağbulaq deyilən gözəl bir kənd var idi. Bu kəndin cavanları at çapmaqda, ox atmaqda ad qazanmışdılar. Onların qorxusundan bir düşmən belə kəndə yaxın düşə bilmirdi.


Bir gün qonşu ölkənin padşahı qoşun toplayıb bu yerlərə hücum çəkdi. Bütün kəndləri çapıb-taladı, axırda gəlib yetişdi Ağbulaq kəndinə. Padşah bu kəndin döyüşkən kişiləri haqqında eşitmişdi. Bilirdi ki, onlarla döyüşə başlasa, çoxlu əsgər itirə bilər. Odur ki Ağbulağı hiylə ilə tutmaq qərarına gəldi. O öz sərkərdələrindən bir neçə nəfəri kəndə elçi göndərdi.


Elçilər ağ bayraq qaldırıb Ağbulağa girdilər. Kənd ağsaqqallarını toplayıb dedilər:


– Qoşunumuz sizin kəndi üzük qaşı kimi dövrəyə alıb. Bir himə bənddir ki, kəndin altını üstünə çevirsin. Amma padşahımız rəhmlidir, qan tökmək istəmir. Sizə belə bir təklifimiz var. Sabah kəndinizin ağıllı adamlarını meydana yığın. Onlara üç sual verəcəyik. Əgər suallara düzgün cavab versələr, sizinlə işimiz yoxdur. Yox, cavab verə bilməsələr, gərək silahı yerə qoyub təslim olasınız.


İndi nə deyirsiniz, şərtə razısınızmı?


Kəndin cavanları qəzəbdən bığlarını gəmirirdilər. Onlar döyüşməyə can atırdılar. Amma bu kənddə böyüyə hörmət var idi. Heç kim ağsaqqalın bir sözünü iki eləməzdi.


Ağsaqqallar gördülər ki, bu boyda qoşunun qabağında tab gətirmək olmaz. Odur ki razılıq verdilər.


Ağbulaqda Əhməd adında bir oğlan yaşayırdı. Balaca olsa da, ağılda, fərasətdə ona çatan yox idi. Əhməd düşmən padşahın şərtini eşidəndə qərara gəldi ki, sabah meydana getsin, görsün nə suallardır.


Bəli, ertəsi gün hamı meydana yığışdı. Padşahın adamları bir boyda, bir biçimdə, bir rəngdə iki madyan gətirmişdilər.


Elçilərdən biri kənd ağsaqqallarına dedi:


– Tapın görək bunlardan hansı anadır, hansı bala? Amma atların dişinə baxmaq olmaz.


Qocalar qaldılar məəttəl, çünki atlar bir-birinə o qədər çox oxşayırdı ki, seçmək olmurdu. Bu vaxt Əhməd camaatın içindən çıxıb ağsaqqallara yaxınlaşdı ki, qoyun bu sualın cavabını mən verim. Ağsaqqallar izin verdilər. Əhməd tez meydanın bir küncündə iki axur düzəltdi. Hərəsinə bir az arpa tökdü. Axurlar hazır olanda Əhməd atların ipini açıb buraxdı. Atlardan biri kişnəyib axura tərəf qaçdı, başladı arpa yeməyə. O biri qaçıb onun böyrünə qısıldı.


Əhməd dedi:


– Kişnəyən at anadır, onun yanına qaçan da bala.


Bundan sonra padşahın adamları zənbildən üç alma çıxarıb dedilər:


– Bu almalardan biri bu il dərilib, biri keçən il, üçüncüsü inişil. İndi siz gərək hər almanın neçə illik olduğunu tapasınız. Ancaq almaları kəsmək, ya da dişləmək olmaz.


Əhməd yenə qabağa çıxıb bir qab su istədi. Almaların üçünü də suya saldı. Bir alma çökdü suyun dibinə, ikincisi qaldı suyun ortasında, üçüncüsü isə suyun üzünə çıxdı. Əhməd dedi:


– Suyun dibindəki builki almadır, canı şirəli olduğu üçün ağırdır. İkinci alma keçənilkidir, bir az şirəsi çəkilib deyə suyun ortasında qalıb. Üçüncü alma isə inişilin meyvəsidir, şirəsi tamam çəkilib, ona görə də suyun üzünə çıxıb.


Axırda padşahın adamları bir böyük daş gətirdilər ki, bundan bizim padşahımıza bir dəst paltar tikməlisən. Onlar arxayın idilər ki, Əhməd bu tapşırığın öhdəsindən gələ bilməyəcək, kənd təslim olacaq. Əhməd işi belə görüb dedi:


– Daşdan paltar tikmək mənim əlimdə heç nədir. Ancaq iynəm qırılıb, sapım da qurtarıb.


Sonra o, yerdən bir ovuc qum götürüb padşahın adamlarına verdi:


– Alın, bu qumdan mənim üçün iynə-sap düzəldin.


Düşmənlərin böyüyü dedi:


– Qumdan da iynə-sap olar?


– Çox yaxşı olar. Qumdan iynə-sap düzəltməyi bacarmayan adam daşdan paltar geyə bilməz. Nə vaxt iynəmi, sapımı gətirsəniz, paltarınızı tikib verərəm.


Padşahın adamları pərt olub geri qayıtdılar. Bir də o kəndin həndəvərinə hərlənmədilər. Beləcə, ağıllı Əhməd doğma kəndini yadellilərdən xilas etdi.