Şeirlər

Nizami Gəncəvi. Yaralı bir uşağın dastanı

Azadə böyümüşlər cərgəsindən bir uşaq
İki-üç həmyaşilə çölə çıxdı kefi çağ.
Elə ki yola düşdü bu uşaq, birdən-birə,
Yüyürərkən ayağı sürüşdü, dəydi yerə.
Elə bərk yıxıldı ki, sındı birdən ayağı,
Qırılmışdı çox yaman varlığının dayağı.
Uşağın yaşıdları batdılar bundan qəmə,
Hey çarə axtardılar bu qəmə, bu matəmə.
Onu sevən bir uşaq dedi: «Çarə var gerçək,
Gəlin onu quyunun lap dibində gizlədək.
Ta ki bir gündüz kimi olmasın aşkar bu sirr,
Atasından xəcalət çəkmək yaxşı deyildir».
Ordakı uşaqlardan uzaqgörən bir nəfər
Şikəst olmuş uşağın düşməniydi müxtəsər.
Bu halı ölçüb-biçdi, sonra düşündü bir az,
Öz-özünə dedi ki, bu sirr gizlində qalmaz.
Mən ki həmin uşağın bir düşməniyəm, demək,
Bu işi eşidənlər, yəqin, məndən biləcək.
Uşağın atasına gedib tez verdi xəbər,
O da gəlib oğluna çarə gördü birtəhər.
Hər kimdə ki vardısa, ağıllılıq cövhəri,
O bacarır hər işi, parlar onun gövhəri.
Fələklərin bəndini açar ancaq o qoçaq
Ki, basa bilsin onun başına bir gün ayaq.
Fələyin az-çoxuna göz yuman gündən bəri,
Nizaminin işləri keçmişdir fələkləri.