Nağıllar, hekayələr

Yeni ili qarşılayan meşə sakinləri

Qış gəldi. Meşə sakinləri bütün yayı işləyib qış üçün ehtiyat toplamışdılar. Hər birinin saxlanc yeməyi olduğuna görə, artıq şaxta və soyuqdan qorxmurdular.

 

Çöldə mülayim qış havası hökm sürürdü, göydən yüngül qar dənələri səpələnirdi.

 

Yeni il yaxınlaşırdı və meşədəki heyvanlar səbirsizliklə Şaxta babanın gəlişini gözləyirdilər, çünki o, həmişə heyvan dostlarına böyük hədiyyələr gətirir. Sincablar, dovşanlar, kirpilər və hətta ayı-Potapıç hər tərəfə baxaraq Şaxta babanın onlara yaxınlaşmasını gözləyirdi. Hər biri Şaxta babanı ilk görmək və ondan ən böyük hədiyyəni almaq istəyirdi!

 

Bax beləcə çoxdan gözlənilən an gəlib çatdı. Meşənin şimal tərəfindən səs-küy eşidildi, bu-yeni qar arabasına minən Şaxta baba idi. O, arabasının üstündə böyük Şam ağacı və çoxlu hədiyyələr daşıyırdı.

Şaxta baba dayanacaq kimi qalın qar örtüyü ilə örtülmüş böyük bir çəmənliyi seçdi və burada dayanmaq qərarına gəldi.

 

Şaxta baba arabadan düşməyə vaxt tapmamış, kolun altından dovşan-Yermolka çıxıb tez Şaxta baba tərəfə qaçdı.

 

- Şaxta babanın gəlişini görən ilk mən oldum, buna görə ən böyük hədiyyəni mən alacam! - deyə Yermolka öz-özünə düşündü.

 

Şaxta baba isə artıq hədiyyə dolu nəhəng torbasını çıxarıb ağacların yanında qarın üstünə qoyub ətrafa baxıb fikirləşdi: “Bu cür olmaz... Yolkanı bəzəmək lazımdır ki, dostlarım Yeni ili əylənərək qarşılasınlar!".

 

Şaxta baba əllərini üç dəfə çırpdı və dərhal hədiyyə torbasının yanındakı şam ağacı bəzəklər və işıqlarla örtüldü.

 

Yermolka sevincdən donub yerindəcə qaldı:

 

 - Təşəkkür edirəm, Şaxta baba! - o, sevinclə dedi - Mənə nə hədiyyə gətirmisən? - dovşan Şaxta babadan soruşdu.

 

 - De görüm, sən nə istəyirsən? Özünüz seçin, hər kəs üçün kifayət qədər hədiyyələrim var!

 

Dovşan torbadan özü üçün kök şəklində olan iri şokolad, böyük bir şirniyyat, alma və taxtadan araba seçdi.

 

 - Yaxşı, indi dostlarını çağır gəlsinlər hədiyyələrini götürsünlər. Hələ daha çox yerləri gəzib bütün uşaqlara hədiyyə verməliyəm! – Şaxta baba dedi.

 

Dovşan ağac kötüyünün üstünə çıxdı və zınqırov çalaraq meşə sakinlərini  çağırmağa başladı.

 

Tezliklə, meşədən ilk Kirpi gəldi. O, zınqırovun səsini eşidən kimi, daha tez çatmaq üçün xizək sürmək qərarına gəldi. Kirpinin əynində qırmızı rəngdə hörmə papaq, əllərində isə gözəl naxışlı əlcəklər vardı.

 

Hədiyyələri görən kimi Kirpinin gözləri sevincdən parladı. Şaxta baba torbasından bütöv bir səbət şirniyyat və böyük bir alma çıxarıb ona verib dedi:

 

- Bu, bütün mehriban Kirpi ailəsi üçün kifayətdir!

 

Kirpi Şaxta babaya ürəkdən təşəkkür etdi və balaca kirpilərini sevindirmək üçün evinə doğru qaçdı.

 

Bir qədər sonra, ağacların budağından budağına tullanan şən dələlər qarlı çəmənliyə gəldilər. Şaxta baba torbadan tütək və nağara çıxarıb onlara verdi. Dələlər birlikdə şən musiqi çalıb oynadılar.

 

Daha sonra, böyük arıquşu dəstəsi uçub gəldi. Onlar da qürurla sarı sinələrini qabağa çəkib, dostlarına qoşulub oxumağa başladılar.

 

Ana-dələ Şaxta babadan böyük içi hədiyyə dolu torba alaraq böyük meşə ağacının gövdəsində yerləşən evinə tələsdi. Körpə dələlər sevinclərindən hoppanıb düşərək, analarını qarşıladılar:

 

 -Yaşasın! Yaşasın! Şaxta babadan hədiyyələr!

 

 -Bəli, bunu sizə Şaxta baba gödərib və hamımıza Yeni ili şən keçirməyi arzulayıb! – ana-dələ dedi.

 

Dovşan-Yermolka da hədiyyəsini götürüb sevincək meşəyə qaçdı. Özü seçdiyi hədiyyələrdən başqa, Yermolkaya Şaxta baba gözəl bir karnaval maskası hədiyyə etdi. Dovşan sevincindən maskanı üzünə taxıb meşədə hoppanmağa başladı və hətta Potapıç-ayının ona necə yaxınlaşdığını belə hiss etmədi. Ayı dovşanı görüb məəttəl qaldı. O, həyatında belə bir şey görməmişdi, qorxusundan ağaca dırmaşdı.

 

Sonra dovşan, ağırlığı altında qopmaq üzrə olan nazik ağcaqayın ağacına dırmaşan ayını görüb, qarın üzərinə yıxıldı və özünü saxlaya bilməyib gülməyə başladı.

 

- Potapıç, bu mənəm, Yermolka! - dovşan çətinliklə gülməyini sıxıb saxlayırdı və karnaval maskasını üzündən dartıb çıxartdı.

 

 - Bu sənsən, dovşan, necə məni qorxutdun? – Potapıç nəfəsini dərdi və ağcaqayından enməyə başladı.

 

 - Başqalarına sənin necə qorxduğunu anlatsam, bax onda  gülüş olacaq...! - hələ də qarda gülməkdən yuvarlanan Yermolka cavab verdi.

 

 - Yaxşı daha, bəsdir! Üzünə bilinmiyən bir şeyi taxıb, bax hələ də gülür, - Potapıç təhqiramiz dedi.

 

- Yaxşı, yaxşı, zarafat etdim, - Yermolka cavab verdi, - biz axı dostuq. Heç kimə deməyəcəm, amma səni ağacda görmək həqiqətən çox əyləncəli idi! Şaxta baba onu mənə verib, - dovşan qürurla cavab verdi. – Sən hələ də böyük qarlı talada olmamısan? Orada Şaxta baba hər kəsə hədiyyələr verir!

 

 - Mən elə ora gedirdim, - ayı cavab verdi.

 

 - Mənimlə gedək? – dovşan dostuna təklif etdi.

 

 - Əlbəttə gedək!

 

- Şaxta babanın sənin üçün xüsusi hədiyyə hazırladığını gördüm, mütləq bəyənəcəksən!

 

Beləcə, dostlar qarlı çəmənliyə tələsdilər. Orada əyləncə artıq tam sürətdə davam edirdi! Çəmənliyin ortasında, bəzəkli şam ağacı dayanmışdı, ətrafında isə şən dovşanlar Yeni il mahnılarını oxuyurdular.

 

Ayı-Potapıç özü üçün bütöv bir çəllək bal gördü! O, necə də sevindi! Potapıç çəlləki götürüb sevincdən onunla rəqs etməyə və heyvanların ətrafında dövrə vurmağa başladı.

 

Şaxta baba hər kəsə hədiyyələr paylayıb, onu gözləyən digər heyvanların və uşaqların yanına tələsdi. O, hər kəsin Yeni ilini təbrik edib, qar arabasına minib yoluna davam etdi. Heyvanlar isə uzun müddət mahnı oxudular, rəqs etdilər və əyləndilər! Dovşan Yermolka Şaxta babanın keçən il hədiyyə etdiyi böyük kameranı almaq üçün evə qaçdı. Kameranı gətirib şənlənən hər kəsin şəklini çəkdi!  Ayı-Potapıç isə saat 12-ni qaçırmamaq üçün zəngli saata baxaraq bal yeyirdi.

 

Saatın əqrəbləri düz gecə yarısını göstərdikdə, hamı sevinclə əl çalmağa, hoppanmağa, bir-birini qucaqlamağa və  “Yeni ilin mübarək” diləməyə başladılar.

 

Bax beləcə, meşə heyvanları Yeni ili qarşıladılar!

 

Sizin də “Yeni iliniz mübarək”!