Təbiət

Dünyanın ən gözəl ördəyi – Mandarinka

Bu ördək sanki nağıldan çıxıb! Qeyri-adi bədən forması və rəngarəngliyi ona xüsusi cazibədarlıq verir. Mandarika ördəyi dünyanın ən gözəl ördəklərdən biri hesab olunur. Belə bir maraqlı adı ona rəngarəng və parlaq lələklərinə görə veriblər – Çində nəcib, zövqlə geyinən cənabları mandarinlər adlandırırdılar.

 

Mandarinka ördəklərinin çəkisi əsasən 400-700 qram olur. Çin ördəyi kimi də tanınan bu quşların məskunlaşma arealı Şərqi Asiyadır: Çin, Rusiyanın bəzi bölgələri, Yaponiya, Tayvan və Koreya.

 

Digər ördəklərdən fərqli olaraq, madarinkalar hündür ağaclarda yuva qurur. Onların yuvaları bəzən 6 metr yüksəklikdə yerləşir. Balaca ördək balaları, analarının əmri ilə yuvadan atılır. Özlərinin ilk “uçuşu” zamanı onlar hələ inkişaf etməmiş qanadlarından və pərdəli pəncələrindən istifadə edir.

 

Digər ördəklərdən fərqli olaraq mandarinkalar qağıldamır, onlar cikkildəyir, ya da yumşaq fit çalır. Bu ördəkləri ovlamaq qəti qadağandır. Bütün dünyada yalnız 25 min cüt mandarinka qalıb.