Təbiət

Kukla gözü bitkisi

Latınca adı Actaea pachypoda olan “kukla gözləri” bitkisi Ranunculaceae fəsiləsinə aiddir. Çiçəkli bitki görünüşü ilə diqqət çəkir. 

 

Bir çubuq ətrafında bir neçə düzülmüş göz, sanki ətrafı izləyir. Olduqca sevimli görünən bu giləmeyvə, əslində dünyanın ən zəhərli bitkilərindən biridir. Buna görə də, digər adı “Qatil gözlü” -dür. 

 

Ağ giləmeyvə üstündə qara ləkə ilə göz bəbəyini xatırladan bitki, Şimali Amerikanın şərqi, Kanadanın şərqi, Orta Qərb və ABŞ-ın şərqində, təbii mühitdə bitir. 

 

Çoxillik ot bitkisidir. Bitkinin boyu 50 sm uzunluqda böyüyür. Yarpaqları isə çinar ağacının yarpaqlarını xatırladır. Yarpağın eni 30 sm, uzunluğu 40 sm, salxımları isə 10 sm uzunluqda olur. 

 

Yaz ayında ağ çiçəklər açır. Sonra isə bu çiçəklər gözə bənzəyən giləmeyvələrə çevrilir. Meyvəsinin diametri 1 sm-dir. 

 

Bitkinin meyvəsi və yarpaqları daxil olmaqla, hər bir hissəsi insan sağlamlığı üçün çox zəhərlidir. Xüsusilə də giləmeyvələri, çünki toksinlər və zəhərli maddələr ən çox burada toplanır. 

 

Kukla gözü bitkisi, çox diqqət çəkdiyi üçün hərkəs, əsas da uşaqlar onun dadına baxmaq istəyir. Ancaq uşaqların etdiyi bu səhv ölümcül nəticələrə səbəb ola bilər.

 

Meyvələr yeyildiyi zaman, ürək əzələlərinə mənfi təsir göstərərək zəiflədir və ürəyin fəaliyyətinə maneə olmaqla onun dayanmasına səbəb olur. Ürək ritminin pozulması ilə, döş qəfəsində ilk olaraq çırpıntı və şiddətli ağrı yaranır. Bunlarla yanaşı, qaytarma, baş fırlanması, huş itirmə və ürəyin fəaliyyətinin dayanması baş verir. 

 

Lakin işin maraqlı hissəsi ondan ibarətdir ki, insanlar üçün ölümlə nəticələnməsinə baxmayaraq, quşların sevərək yediyi bir meyvədir. Zəhərin quşlara təsiri yoxdur. Beləliklə, toxumlar quşlar vasitəsilə təbiətdə yayılır.