Şair Məmmədhüseyn. Oyanmaz
Yönü bəri duran dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.
Gəldim yarın xanasına,
Laçın qonmaz binəsinə,
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.
Qurbanam qələm-qaşına,
Gör, nələr gəldi başıma,
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.
Yarım yaman yatmış idi,
Müşk-ənbərə batmış idi,
Ürbəndini atmış idi,
Yatıb oyanmaz, oyanmaz.
İgidin dönməsin əhdi,
Yana çevirməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.