Bu maraqlıdır!

Morze əlifbası

Morze əlifbası və ya Morze kodu dəyişik şəkildə yan-yana düzülmüş “nöqtə” və “tire”lərin müxtəlif kombinasiyalarından meydana gəlir, məlumatın uzaq məsafələrə  işıq və ya səs siqnalları vasitəsilə çatdırılmasında istifadə edilir.

 

Morze əlifbasının yaranma tarixi olduqca maraqlıdır. 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: “A patient waiter is no loser” (“Səbr edən heç vaxt uduzmur”).

 

Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işa-rələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.

 

Samuel Morze 1791-ci ildə Amerikada Massachusetts ştatında, Charlestownda anadan olmuşdur.  O kiçik yaşlarından boyakarlıqla məşğul olmağa başlamışdır. Uşaqlığı yoxsulluq içində keçməsinə baxmayaraq Samuel sonralar Amerikanın tanınmış rəssamlarından birinə çevrilmişdir. Amerikada Philips Akademiyası və Yale Universitetində təhsilini bitirdikdən sonra İngiltərəyə getmiş, rəssamlıq sənətini inkişaf etdirmişdir. 2 ildən sonra 1812-ci ildə Amerikaya qayıdan Samuel o dövrdə geniş yayılmış portret rəssamlığı etmişdir. Vaşinqton, La payette və Monroe kimi dünyaca məhşur adamların portretlərini çəkmişdir. Bundan başqa “Köhnə millət məclisi”, “Luvr qalereyası” və “Heraklın sonu” onun tanınmış əsərlərindəndir. Lakin Samueli dünyaya tanıdan çəkdiyi rəsimlər olmayacaqdı. Məhz elə Samuelin həyat tarixçəsini maraqlı edən də budur. O nə fizik nə də elektrik idi, lakin texnikaya böyük həvəsi olduğu üçün mexanika və elektriklə əlaqədar son inkişafları yaxından izləyirdi.

 

Bir gün Samuel Fransız gəmisi Sully ilə Amerikaya qayıdarkən  fizik Charles Jakson ilə tanış olur. Gəmidə edilən elektromaqnit sahəsi haqqındakı müzakirələr Samuelin gələcək ixtiralarını yaxından əlaqələndirirdi. Samuel həmin gün gəminin kapitanına bu sözləri demişdir: “Günün birində teleqrafdan dünyanın möcüzələrindən biri deyə danışıqlar eşitsəniz, onun 13 noyabr 1832-ci ildə Sully də icad edildiyini xatırlayın”.

 

Samuel 34 yaşına kimi rəssam kimi fəaliyyət göstərmişdir, o vaxta qədər ki, başına gələn bir hadisədən sonra texnika ilə yaxından maraqlanmağa başlamış, öz fikirlərini həyata kecirməyə qərar vermişdir. 1825-ci ildə kuryer ona atasından məktub gətirir, məktubda qeyd olunur ki, onun yoldaşı ölüm ayağındadır. Morze dərhal Vaşinqtonu tərk edib, Nyu-Heyvenə – ailəsinin yanına yola düşür, lakin o çatanda yoldaşı artıq dəfn edilmiş olur. Bu hadisə Samuelin rəssamlığı dayandırmasına səbəb olur və bundan sonra o, məlumatın qısa vaxtda uzaq məsafələrə ötürülə bilməsi yollarını araşdırb öyrənməyə başlayır.

 

1838-ci ildə uzun çalışmalardan sonra “Morze əlifbası”nı (Birinci dünya müharibəsindən sonra morze kodu morze əlifbası adlanmağa başlanmışdır) işləyib hazırlayır və bütün bunlar sonda teleqrafın kəşfinə gətirib çıxarır. Samuelin elektrikli teleqrafı üç hissədən təşkil olunmuşdur. Siqnalı ötürən hissə, qəbul edici hissə və bunlar arasındakı elektrik xəttindən ibarətdir. Ötürücü hissə “maniple” adlanır. Manipulator teleqraf şəbəkəsindəki elektirik axımını açıb bağlayan açar funksiyası daşıyır. Manipulatora basdıqda dövrə bağlanır, elktrik siqnalı alıcıya ötürülür və alıcıya quraşdırılmış qələm kağız lent  üzərində qısa və uzun cızıqlar əmələ gətirir. Morze əlifbası ilə kodlaşdırılmış bu mesajlar təcrübəli operatorlar tərəfindən oxunur.

 

14923017_1053411538112932_1159935787_o

 

Samuel düzəltdiyi teleqraf aparatı üçün Avropanın bir çox ölkələrindən (Rusya və Osmanlı dövlətindən də yardım almağa çalışmışdır) maddi dəstək istəmişdir. Nəhayət 1843-cü ildə 30000 dollar məbləğində Amerika konqresindən kömək fondu təmin edə bildi və Vaşinqtonla Baltimore arasında 65 km uzunluğunda xəttin çəkilişinə nail odu. Vaşiqtonda olan Ali Məhkəmə binasından Samuel Morze tərəfindən Baltimoredəki köməkçisi Alfred Vailə göndərilən ilk teleqraf mesajında İncildən bir cümlə:“Tanrı nəyi yaratdı?”(“What hath God wrought” ) yazılmışdı.

 

Teleqraf cihazı sonrakı illərdə daha da inkişaf etdirildi və bütün dünyada istifadə edilməyə başlandı. Azərbaycanda ilk teleqraf xətti isə 1864-cü ildə Naxçıvanla Culfa arasında çəkilmişdir.

 

1871-ci ildə qoyulmuş  New York Central Parkdakı heykəl Samul Morzenin elektrikli teleqrafı kəşf etməsinə həsr olunmuşdur.

 

Samuel tərəfindən hazırlanmış morze əlifbası Amerikan morze əlifbası adlanır. Müasir Beynəlxalq Morze Kodu isə 1848-ci ildə Alman Friedrich Clemens Gerke tərəfindən inkişaf etdirildi. Bu iki kod arasındakı fərq Amerikan morze kodlarında uzun və qısa siqnallarlardan əlavə onların arasındakı boşluqların da nəzərə alınmasından ibarətdir.

 

İndiki dövrdə teleqrafdan istifadə olunmamasına baxmayaraq morze kodlarından işıq və səs siqnalları vasitəsilə dənizçilikdə və dəmiryollarında xəbərləşmədə istifadəsinə rast gəlinir.

 

Çox insanın dənizlər haqqında çəkilən filmlərdə gördüyü S.O.S siqnalı, gündəlik həyatda qarşımıza çıxmasa da, bir çox adam tərəfindən bilinməkdədir.

 

S.O.S beynəlxalq morze əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır.