Təbiət

Avstraliya sularının qırmızı balığı: Patek

Qırmızı balıq kimi tanınan Patek balığı (lat.Pataecus fronto) – patek cinsinin yeganə nümayəndəsidir. Avstraliya sahillərinin mülayim sularında yaşayır. Yırtıcı balıqdır. Maksimum bədən uzunluğu 27 sm-dir. 


Cinsin latın adı Yunan su tanrılarının şərəfinə qoyulub. Bu tanrıların şəkilləri çox vaxt qədim yelkənli gəmilərin ön hissəsinə çəkilirdi. Patek balığının görünüşü bu tanrıları bir qədər xatırladır. 


Balığın bədəni uzunsovdur. Qabaq hissədən bədəninin hündürlüyü uzunluğunun 32–46%  təşkil edir; quyruq hissəyə çatdıqca bədəni daralır. Başından başlayan bel üzgəci quyruğa kimi arasız uzanır. Başı böyükdür, bədənin uzunluğunun 30-35% təşkil edir. Balığın gözləri orta ölçüdədir. Ağzı aşağı doğru yönəlidir, dişləri kiçikdir. Pulcuğu yoxdur. Dərisi hamardır. İki əsas sinə üzgəci yaxşı inkişaf edib.


Bədən rəngi çox müxtəlifdir. Əsasən kiçik ağ ləkələrlə örtülmüş qırmızı, narıncı və ya çəhrayı rənglərdə olur.


Pateklərin biologiyası tam öyrənilməyib. Patek balığı dəniz dibində yaşayır və gecə daha aktivdir. Əsasən xərçəngkimilərlə qidalanır.


Əsasən oturaq həyat tərzi keçirir. Üzərində yosunlar bitməsin deyə bir neçə həftədən bir dərisini dəyişir. 


Avstraliyanın cənub sahillərində mülayim sularda yaşayır. Avstraliyanın şərqində Kvinslənd və Yeni Cənubi Uelsdən Avstraliyanın cənubundakı Sankt Vinsent körfəzinə qədər rast gəlinir. 10-80 m dərinlikdə qayalı ərazilərdə yosunlar və süngərlər arasında gizlənərək yaşayır.