Xəbərlər

“Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib.

 

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların dünyagörüşü, arzu və xəyalları ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmaq və gənc istedadları aşkara çıxarmaqdır.

 

Dünyanın 22 ölkəsindən 222 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2 mindən çox rəsm işi təqdim olunub. 6-15 yaşlı uşaqların iştirak etdiyi müsabiqə iki mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib.

 

Münsiflərin rəyi ilə 675 rəsm işi seçilib, bunlardan 187 iş 3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil olub. Şri-Lanka Demokratik Sosialist Respublikasından olan 6 yaşlı Dinuki Thathsarani Rathnathilaka isə müsabiqənin Qran-Prisinə layiq görülüb.

 

Qonaqlar müsabiqə qaliblərinin rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Qaliblərin təltif olunmasından sonra Mərkəzin bədii kollektivi çıxış edib.

 

Tədbirdə dövlət qurumlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.