Nağıllar, hekayələr

Eşqin Məmmədov. May Gilası

Günlərin bir günü həyətimizdəki böyük may gilasının altında oturub nənəmlə söhbət edirdik .Mən balaca şahzadə kimi nənəmə dayanmadan yorucu suallar verirdim. Nənə, filan şey nə vaxt yaranıb, filan şey necə olub, filankəs necə adamdır? Bu tip suallarla nənəmi yorardım. Nənəm də yazıq qoca arvad idi, bezsə də ,özünü bezməmiş kimi göstərirdi. Suallarımdan da qaçmağa heç çalışmazdı. Hamısını cavablandırardı. Bu may gilasını niyə dedim , ona görə ki ,onun öz tarixçəsi var. Bu gilası babam rəhmətlik Ağdamdan gətirmişdi. Mən hələ anadan olmamışdan qapımızda əkmişdi. Buna Ağdam gilası da deyirdilər.

 

Günlərin birində nənəmlə yenə oturmuşduq bu gilas ağacının altında. Nənəm mənə əlim çatmayan yerlərdən qızarmış, şirin, sulu gilaslardan dərib yedizdirirdi. Mən isə öz şıltaqlığımdan qalmayıb yenə də yorucu suallar verirdim. Nənə , sənə bir sual verim? 

-Buyur əzizim. Neçəsini istəyirsən ver.

- Nənə,  bu gilasın üstündə , çoxlu meyvələr var. Onları  biz də yeyirik, quşlar da yeyir, həşəratlar da yeyir. Bəs, bu ağaclar nə yeyir?

- Mənim gözəl balam ,ağıllı balam, ağacların kökü yerin altındadır. Onlar yerin altından xüsusi vasitələrlə ,müxtəlif gübrələrlə qidalanırlar. Onlar qidasını köklərdən çəkirlər, üzdə yetirdiyi meyvələrlə isə biz qidalanırıq. 

- Nənəcan, mənə bununla bağlı , maraqlı bir söhbət danışa bilərsənmi ? Hansı ki, sənin başına indiyə qədər gəlmiş ən maraqlı bir ibrətamiz söhbət danış ,məndə onu öz yoldaşlarıma danışım. 

- Mənim ağıllı balam, nənən sənə ibrətamiz hekayə danışar ,sən də onu öz yoldaşlarınla bölüşərsən. Mən ümid edirəm ki, siz bu söhbətləri böyüyə - böyüyə  gələcək nəsillərə ötürəcəksiniz. Onlar da bu ibrətamiz hekayələrdən ibrət çıxardıb , öz övladlarını  maarifləndirərlər. Cəmiyyətimiz, elmimiz, təbiətimiz üçün yararlı insanlar olarlar.

- Biri vardır, biri yoxdur. Bir danışan gilas ağacı vardır.Bu gilas ağacı hər il may ayında şirin , dadlı gilaslar gətirərdi. Həmin gilas dəyən vaxtı quşlar , kəpənəklər , arılar, insanlar bu gilasın üstünə toplaşardılar. Çiçəyindən, dadından , meyvəsindən yeyərdilər. Ancaq heç kimin vecinə də deyildi ki, gilas inciyər, ağrıyar. Dartıb yarpaqlarını qopardardılar, budaqlarını sındırardılar, meyvəsi 10-15 günə qurtarana kimi , gilasın  başını qatardılar. Heç gilasın yanından əl çəkməzdilər. Biri yeyib deyərdi çox dadlıdır ha , belə gilasdan yer üzündə tapmaq çox çətindir. 

 

Arı deyərdi:

- Bu gilasın şirəsindən mən çox yüksək keyfiyyətli bal hazırlayıram. Həmin balı xarici ölkələrə satırlar və onun kiloqramı digər ağacların şirəsindən daha bahadır.O daha çox insana xeyir verir. İnsanın sağlamlığında  əvəzsiz xidmət göstərir.

 

 Sonra quşlar deyərdi:

-Bu ağacın lap başında yuva qurmaq istəyirəm. Balalarımı da çıxartmaq istəyirəm. Çünki gilas çox gözəl və səmimidir. Onun tikanlari yox, yarpaqları çox balaca, özü də hündürdür. İnsan əli çatmayan yerləri var. Orada yuvamı quracam. Öz balalarımı orada çıxardacam. Gilasın meyvəsindəndə onlara yedirdəcəm.

 

Beləcə hamı bu ağacın meyvəsindən yeyib , ona tərif yağdırardı. 15 gün keçdi. Gilasın yavaş - yavaş meyvələri tükənirdi. Bir gün  səhər , gilas yuxudan ayılanda gördü ki , onda nə quş, nə arı, nə də insan qalıb. Hamı dağılıb gedib. Kənarda bir ərik ağacı vardı. Ərik yeni - yeni sulanırdı, dəyməyə başlayırdı. Hamı onun ətrafına toplaşmışdı. 

 

Heç gilası yada salan da yox idi. Ona heç bir tərif yağdıran, nəğmə qoşan, altına hərlənən də yox idi. Beləcə yavaş- yavaş günlər ötüşürdü. Gilasın yarpaqları payız düşəndə saralmağa başladı. Arabir quşlar yorğunluqların almaq üçün gilasa qonub, hətta üstünü peyinləyərdilər. Gilas zavallı isə heç kimə lazım olmamış kimi, sakit - sakit durar, için - için ağlardı. Hətta məhlənin sahiblərindən biri , gilasın şumal budaqlarından kəsib, çəpərinə qadaq vurmuşdu. 

 

Günlərin birində müdrik bayquş gecə vaxtı onun budağı üstünə qondu  və gilasın ağladığını görüb dedi :

- Ey gilas ağacı, sən niyə ağlayırsan? Gilas bayquşun səmimiyyətinə inanıb , ona öz ürəyinin sirrini açdı.

 - Bayquş baba, sən müdrik quşsan.  Sən ağıllı quşsan. Bəlkə mənim dərdimə bir çarə taparsan.

- Buyur gözəl gilas, buyur gözəl qızım . Mən sənin hər bir dərdinə şərikəm. Sənin bütün suallarını da cavablandırmağa hazıram.

 - Onda mənə söylə görüm , niyə həyatdakı canlılar bu qədər vəfasızdır? Yayda mənim meyvəm olanda quşlar, böcəklər, insanlar, arılar mənim altımdan heç əl çəkmirlər. Yeyib kölgəmdə yatırlar. İndi isə heç kim yoxdur. Hətta budağımı sındırıb , aparıblar. 

- Qızım, bu dünya fani dünyadır. Bu yerdəki insanlar  da, canlılar da hamısı gəldi- gedərdir. Həyat əzəldən belədir .Kim bar verirsə ,insanlar bar qurtarana qədər onun yanında olar. Eləki məhsulun qutardı, barın kəsildi onlara lazım deyilsən. Nə qədər ki, dünyada kimin üçün lazımsan, həmişə yanında  “yoldaşların” çox olacaq. Eləki tükəndin, hamı səndən kənar dayanacaq. Bu həyatın qanunudur. Bəzən üstünə mənim kimi quşlar qonacaq. Bu da yenə ehtiyacdan irəli gəlir. Yəni quş yorulu, yorğunluğun alır. Yoxsa o da heç qonmaz. Həyat belədir. Bu insanlarda da belədir. Hansı insanlar ki, öndə olurlar, onların elmi, zəkası, pulu olur. O insanların ətrafı həmişə dolu olur. Digərləri onlardan istifadə edərlər. Sonra isə o qurtaranda heç yanlarına da getməzlər. 

- Nənəcan, mən bunu gözəl anladım. İnsanlar  niyə bir - birlərindən istifadə edirlər? Gəl biz heç vaxt bir - birimizdən istifadə etməyək. Həmişə bir - birimizin qayğısına qalaq. Əgər qışda gilas bizə meyvə vermirsə, biz onun budaqlarını sındırmamalıyıq. Çünki o yenə yazda bizə gilas gətirəcək və biz ondan qidalanacağıq.

- Düz deyirsən, mənim əziz nəvəm. İnsanlar nəsə bir səhv edəndə və yaxud   artıq biz ona gərək duymadıqda onu tərk etməməliyik. Onun budaqlarını, əllərini, qollarını sındırmamalıyıq. Biz ona təmkinlə yanaşmalıyıq. Onun qayğısına qalmalıyıq. Biz unutmamalıyıq ki, bar verən yenə verər. Mənim əziz nəvəm, burada da nağıl bitdi.