Odlar Yurdu

Lənkəran

Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran əsrarəngiz mənzərəli Talış dağlarının ətəyində yerləşir. Onu “Cənub mirvarisi” də adlandırırlar. Xəzərin qızıl qumlu sahilləri, yamyaşıl meşələr, başı buludlara yüksələn dağlar Lənkəranın hüsnünə xüsusi gözəllik qatır.
 
Lənkəran Azərbaycanın cənub-şərqində, paytaxtdan 270 kilometr aralıda yerləşir. İqlimi subtropikdir, qışı mülayim olur. Yayda hava quru və isti, payızda yağışlı keçir.
 
Bu qədim cənub şəhəri özünəməxsus arxitekturası, XVII-XIX əsrlərə aid tikililəri, tarixi abidələri və müasir binaları ilə diqqət çəkir. Füsunkar təbiət, isti su qaynaqları, sərin bulaqlar, zəngin flora və fauna, o cümlədən Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranda turizmin inkişafı üçün geniş imkanlar açır.
 
Talış dağlarında bitən nadir və endemik ağaclar - dəmirağacı, evkalipt, mantar ağacı, məxməri ağcaqayın, Hirkan şümşadı Lənkəran florasının incilərindəndir. Mülayim iqlim şəraiti, bol günəş burda subtropik bitkilər yetişdirməyə imkan verir. Lənkəran çayı isə yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhurdur. Göz oxşayan yamyaşıl çay plantasiyaları rayon iqtisadiyyatının aparıcı sahələrindən birini təşkil edir.
 
Meşələrindəki dişgöynədən çoxsaylı bulaqlarla yanaşı bir çox isti su qaynaqları insanlara bəzi xəstəlikdən şəfa tapmağa kömək edir. Dağların əzəmətli görünüşü, qalın meşələrin sakitliyi müalicə olunanlara dinclik və rahatlıq bəxş edir. Müalicəvi bulaqlardan ən məşhurları İbadi meşəsinin yaxınlığında Meşə bulağı və Havzova bulaqlarıdır. 
 
Lənkəran tarixi abidələrlə də zəngindir. Qədim Əbirlər qülləsi, Şeyx Zahid türbəsi, Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi tarixi abidələr Lənkəranın uzaq keçmişdən soraq verir.
 
Şəhərin qərbində çay daşı və bişmiş qırmızı kərpiclə tikilmiş Bəlləbur qalasının xarabaları var. Yerli əhali onu Boz qala da adlandırır.
 
Şəhərdəki qədim məscidlər öz üslubu və kompozisiyası baxımından Cənubi Azərbaycanın memarlıq ənənələri ilə sıx bağlıdır. XIX əsrə aid Böyük bazar məscidi, XX əsrə aid Kiçik Bazar məscidi buna misal ola bilər. Lənkəran məscidlərinin fərqli cəhəti onlarda minarələrin olmamasıdır.
 
Lənkəranın həm dəniz sahillərində, həm də dağətəyi yerlərində xüsusi istirahət mərkəzləri fəaliyyət göstərir. Bura beşulduzlu otellər, xırda kottec kompleksləri daxildir. "Qala", "Qızıl Tac", "Dalğa" otelləri, "Palıdlı sahil", "Bəşəru", "Xanbulan", “Qafqaz-Sahil” turizm-istirahət mərkəzləri, Haftonu təbii isti su pansionatı bu qəbildəndir. 
 
Boladi, Veravul və Vilvan kəndlərində ənənəvi xalq sənətləri - xalçaçılıq, zərgərlik daha geniş yayılıb. Lənkəran sənətkarları daş, ağac və metal üzərində oyma sənəti ilə də məşğul olurlar.
 
Lənkəranın mətbəx mədəniyyəti qədimliyi və rəngarəngliyi ilə seçilir. Burada təkcə  düyüdən 21 növ xörək hazırlanır. Balıqdan və ya çöl quşlarından hazırlanan ləvəngi isə Lənkəran mətbəxinin tacı sayıla bilər.
 
Arxeoloji qazıntılar zamanı Lənkəran ərazisində qədim insanlara məxsus daşdan düzəldilmiş tava, gil qab parçaları, piyalə qırıntıları və müxtəlif küplər tapılıb.