Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalı

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə AZƏRTAC-ın Uşaq Bilik Portalı  özünün “Instagram”  səhifəsində keçirdiyi onlayn müsabiqənin qaliblərini mükafatlandırıb.

 

Portal xüsusi karantin rejimi dövründə təlim-tədris prosesinə dəstək olmaq məqsədilə azyaşlı məktəblilər üçün maraqlı materiallar dərc edib, müsabiqələr keçirib. Onlardan bir də “Evdə qal” mövzusuna həsr olunub. Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar video və şəkillər göndərərək hər kəsə özünü virusdan qorumaq çağırışı ediblər.

 

Müsabiqədə video və fotoları ən çox bəyənilən iştirakçılar qalib seçilib. Birinci yeri Şirvan şəhər 1 nömrəli liseyin 8-ci sinif şagirdi Sima İsmayılova, ikinci yeri Bakının 258 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Aydan Abbasova, üçüncü yeri 4 yaşlı Nihad Cavadbəyli tutub. Həmçinin Bakı Avropa Liseyinin 4a3 sinfi kollektiv iştiraka görə mükafatlandırılıb.

 

AZƏRTAC-ın Uşaq Bilik Portalı artıq 7 ildir fəaliyyət göstərir. İnformasiya resursunda azyaşlılar və məktəblilər üçün maraq kəsb edən xəbərlər, zəngin ensiklopedik məlumatlar, foto və videomateriallar təqdim olunur.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların təlim-təhsil şəraitinin yaxşılaşdırılması, yeni məktəblər və uşaq bağçalarının istifadəyə verilməsi istiqamətində davamlı addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın hər yerində uşaqların təhsili, müalicəsi və reabilitasiyası üçün müasir tələblərə cavab verən məktəblər və mərkəzlər açılıb. Görülən işlər ölkədə təhsilin səviyyəsinin artmasına, uşaqların sağlamlığının qorunması üçün möhkəm əsasın formalaşmasına səbəb olub.

 

Belə münbit şəraitdə fəaliyyət göstərən Uşaq Bilik Portalı həm Bakıda, həm Azərbaycanın regionlarında uşaqlarla görüşlər keçirir, onların elmə, təhsilə maraqlarının artırılması üçün layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif sahələr üzrə ustad dərsləri təşkil edilib, bu dərslərin bir qismi Azərbaycan televiziyalarında nümayiş olunub. İndiyədək Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, müxtəlif təhsil mərkəzləri ilə birgə layihələr həyata keçirilib.

 

Portal sosial şəbəkələrin imkanlarından geniş istifadə edir, uşaqlar və valideynləri ilə birbaşa ünsiyyət qurur, Azərbaycanın internet seqmentində məktəblilər üçün dəyərli kontent yaradaraq gün-gündən onun sayını artırır. Resursda bədii və sənədli filmlər, hekayələr və nağıllar, tapmacalar, zehni inkişaf üçün oyunlar toplanıb. AZƏRTAC bu portal vasitəsilə uşaqların informasiya təhlükəsizliyinin qorunması, onlarda geniş dünya görüşünün formalaşmasına töhfə verir.